Bu maraqlıdır!

Kenquru adası

Kenquru adası Avstraliyanın Tasman və Melvill adasından sonra 3-cü böyük adasıdır. Ada materik mənşəli olub 10 000 il bundan qabaq Avstraliyadan ayrılıb. Sahəsi 4405 km², sahil xəttinin uzunluğu 509 km, ən hündür yeri dəniz səviyyəsindən 307 metr hündürlüyə malikdir.


Kenquru adası iki səbəbdən məşhurdur: birincisi, materikə çox yaxındır və buraya ayaq basmaq çətin deyil; ikincisi, adından da göründüyü kimi adanın əsas sakinləri- kenqurulardır; üçüncüsi isə burada səyahət edənlər vəhşi təbiət ilə qovuşmaq üçün ən geniş imkanları əldə edirlər və ən nəhayət, adada ağ qumlu çimərliklər, mənzərəli təbiət və maraqlı geoloji formasiyalar var. 


Aparılan araşdırmalara görə təxminən 2000 il öncəyə qədər adada yerli qəbilələr (aborigenlər) məskunlaşmışdır, lakin dəniz səviyəsinin qalxması ilə birlikdə adanın yerli əhalisi də yoxa çıxmışdır.


Hal-hazırda ada iqtisadiyyatının əsas gəlir mənbəyi kənd təsərrüfatı (balıqçılıq, şərabçılıq, bal məhsulları, yun istehsalı və s.) və turizm sahəsidir. Belə ki, Kenquru adası Avstraliyanın ən məşhur turizm ünvanıdır və hər il təxminən 140.000-dən çox turist adaya axın edir.


Adanın ilk tədqiqatçısı 1802-ci ildə Böyük Britaniyadan Sidneyə səyahət edən Metyu Flaynders olub. 1803-cü ildən isə artıq balina ovçuları və balıqçılar adanı ziyarət etməyə başladılar və bir neçə müstəqil məskunlaşma (əksəriyyəti qaçaq məhkumlar) meydana çıxdı. İlk rəsmi yaşayış yeri 1836-cı ildə Kinqscot şəhəri oldu. O vaxta qədər suiti ovu dayandı (suitilər məhv oldu), buna görə yerli sakinlər əkinçiliyə başladılar. XIX-cu əsrin sonlarından etibarən hökumət adanın və ümumiyyətlə Avstraliyanın vəhşi həyatını qorumaq üçün cəhdlər göstərməyə başladı. Adada ciddi mühafizə olunan yerli qoruqlar yaradıldı.


Adanın ən böyük şəhəri Kinqscotdur, qalan yaşayış məntəqələri həm ölçü, həm də imkanlar baxımından daha kiçikdilər.


Adanın faunasının əsasını kenqurular, vallabilər, koalalar, qəhvəyi bandikutlar, Rosenberg kərtənkələləri, fəsillər, yexidnalar, yarasalar və bir neçə qurbağa növləri təşkil edir. Adanın yeganə endemiki -Aytkena kisəli siçanıdır. 


Əvvəllər adada Emu quşu yaşayırdı, ancaq 1802 ilə 1836 arasında, ehtimal ki, meşə yanğınları səbəbi və ya ov səbəbi ilə yox olmuşlar.


Kenquru adası eyni zamanda qara kakadu, cırtdan pinqvinləri, anbar bayquşları və başqaları da daxil olmaqla çox sayda müxtəlif quşlara ev sahibliyi edir.


Adada 4259 nəfər yaşayır (2006-cı ilin statistikası), onlardan 1800 nəfəri Kinqscot şəhərində yaşayır.