Təbiət

Pərpərən

Dünya florasında pərpərənin 100-ə qədər növünə rast gəlmək olar. Bunlara əsasən Asiya, Amerika və Avstraliya ölkələrinin subtropik və tropik zonalarında təsadüf edilir. Qafqazda, o cümlədən respublikamızda yabanı və mədəni halda 2 növu — bağça və iriçiçək pərpərəni yayılmışdır. Qida və ədviyyat bitkisi kimi ən çox bağca pərpərənindən istifadə edilir. Bu növ bir çox ərazidə geniş yayılmaqla yanaşı, qida və ədviyyat kimi də məşhurdur. Belə ki, bəzək bitkisi kimi Amerika qitəsində əkilib becərilən Braziliya mənşəli iriçiçək pərpərən növünə də rast gəlmək olar.
 
Pərpərəndən qədim dövrlərdə ara həkimləri bir sıra xəstəliklərin müalicəsində geniş istifadə etmişlər. Ürək döyüntülərində və öskürək zamanı pərpərən toxumu yaxşı kömək edir. Pərpərən mədə və qara ciyər üçün faydalıdır. Onun şirəsi yastı qurdları qovur, yanğı hissini yatırdır, bağırsaq xoralarının müalicəsində çox faydalıdır.
 
Böyük tibb mütəxəssisi İbn Sinanın  "Qanun" kitabında pərpərən haqqında qiymətli fikirlərə rast gəlmək olar. Pərpərən kəskin və xroniki qanaxmaların qarşısını alır. Onu ziyilə sürtdükdə ziyili aparır, şişlər zamanı dərman sarğısı formasında istifadə edilir.
 
Pərpərən Çində və Misirdə hələ eramızdan əvvəl tanınmış və ondan infeksion xəstəliklərin müalicəsində istifadə edilmişdir.
 
Respublikamızda pərpərənin istifadəsinə gəldikdə isə ondan demək olar ki, ancaq fəsildən-fəsilə evlərdə bir göyərti kimi və ya turşudulmuş şəkildə istifadə olunur.
 
Bu bitki yüksək qidalılıq keyfiyyətinə malik olduğundan bu möcüzəli bitkinin emalı bəzi hallarda çox məqsədli ərzaq və qida əlavəsi kimi geniş istifadəyə malik ola bilər. 
 
Tərkibində olan mineral maddələrə görə isə bu bitkini həqiqi "kimya anbarı" adlandırmaq olar. Onun tərkibində sellüloza az, zülallar isə yaxşı həzm oluna bilən formadadır. Bitkinin becərilməsi xüsusi qulluq tələb etmir, çox məhsuldardır. 
 
Külli miqdarda ərzaq xammalı əldə edə bilərik. Bundan başqa, o, öz-özünə artıb çoxalır. Xüsusi emal olduqda pərpərən çox qiymətli qida kimi yeyinti və yem, xüsusən quşçuluğun. həmçinin əczaçılığın xammalı ola bilər. 
 
Yabanı pərpərən gövdəsinin uzunluğu 10­-52 sm olan, torpaq üzərində yayılan və yaxud dik qalxan, çılpaq, ətli, əsas hissədən budaqlanan birillik ot bitkisidir. Gövdənin aşağı hissəsində yerləşən yarpaqları növbəli, yuxarıdakıları isə qarşı-qarşıya düzülür. Çiçəkləri xırda, sarı, qırmızı rəngdə olub, tək-tək və yaxud topa halda gövdə yarpaqlarının qoltuğunda yerləşir. Toxumları tünd bozumtul və yaxud qara rəngdədir. Çoxsaylı toxumları yetişən zaman qutucuğu çatlayır və onları kənara səpələyir.
 
Yabanı pərpərən Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Kür-Araz düzənliklərində, Naxçıvan MR-in düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılmışdır.
 
Respublikamızın bir çox rayonlarında buna pərpərtöyün də deyilir. Yaşıl tərəvəz bitkisi kimi respublikamızda bol ehtiyata malikdir. Qidanın tərkibinə əlavə olunması məsləhətdir. Vətəni Qərbi Asiya ölkələri hesab edilir. İlk dələ qida tərəvəzi kimi Misirdə istifadə edilmişdir.
 
Pərpərən qiymətli qida və ədviyyat bitkisi kimi eramızdan çox-çox qabaq mədəni hala keçirilmişdir. Hazırda pərpərən qida, ədviyyat və dərman bitkisi kimi bir çox ölkələrdə, o cümlədən Fransada, İngiltərədə, Danimarkada və s. ölkələrdə becərilir.
 
Aparılan elmi təcrübələrdən məlum olmuşdur ki, pərpərəndən hazırlanan sulu dəmləmə və onun duru ekstraktı ürək fəaliyyətinə müsbət təsir göstərir. Onlar qan damarını büzür və beləliklə qan təzyiqini artırır. Bu, köpmə və yuxusuzluğa qarşı işlədilir.
 
Ədviyyə kimi yarpaq və cavan zoğlarından, eləcə də çiçək hissəsindən istifadə edilir. 
 
Şorabaya qoyulmuş pərpərən ət xörəklərinin iştahla yeyilməsinə kömək edir. Ondan vitaminlə zəngin sərinləşdirici içki növləri də hazırlanır.