Təbiət

Dağların yaranması

Yer səthinin əsas relyef formalarından biri olan dağlar qurunun 40% dən çox hissəsini əhatə edir. Dağlar bir-birindən yaranmasına, yəni mənşəyinə və yaşına görə fərqlənir. Mənşəyinə görə dağlar tektonik və vulkanik olur.

 

Tektonik dağlar qırışıq, faylı və qırışıq-faylı qruplara bölünür.

 

Qırışıq dağlar seysmik zonalarda, süxur laylarının sıxılması nəticəsində yaranır. Dünyanın ən uzun qırışıq dağ sistemi Şimali və Cənubi Amerikanın qərbində yerləşən Kordilyer-And dağlarıdır. Alp-Himalay dağ sistemində yerləşən – Alp, Qaf-qaz, Kopetdağ, Pamir, Hindiquş, Himalay və Afrikadakı Atlas dağları da qırışıq dağlardır.

 

Qırışıq-faylı dağlar Yer kürəsində seysmik fəallığını tamamilə itirməyən ərazilərdə yaranır.

 

Belə dağlar (Tyan-Şan, Altay, Sayan) yenidən tektonik proseslərə məruz qalmışdır.

 

Faylı dağlar seysmik zonalardan kənarda yerləşən, zəif parçalanmış ərazilərdəki qədim dağlardır. Onlara Kap, Əjdaha, Ural, Appalaç, Skandinaviya, Böyük Suayrıcı və s. misal ola bilər.

 

 

Vulkanik dağlar. Bəzi dağlar vulkanların fəaliyyəti nəticəsində yaranır. Adətən, belə dağlar silsilə yaratmır və konus formasında olur. Nisbi hündürlüyünə görə dünyada ən yüksək vulkanik dağ Havay adalarındakı Mauna-Kea dağıdır (10040 m). Elbrus, Kazbek, Savalan, Etna, Vezuvi, Kamerun, Kotopaxi və s. vulkanların fəaliyyəti nəticəsində yaranan dağlardır.

 

Yaşına görə dağlar cavan və qədim olur. Cavan dağlar hündür və kəskin parçalanmış olur. Qırışıq dağlar cavan dağlardır. Qədim dağlar xarici qüvvələrin təsiri ilə dağıldığından hündürlükləri az olur və nisbətən zəif parçalanır. Faylı dağlar qədimdir.