Nağıllar, hekayələr

Azərbaycan xalq nağılı. Ağıllı uşaq

Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir xan var idi. Xan hər dəfə bir bəhanə eləyib yan-yörədəki kəndləri, şəhərləri talan eləyir, əhalinin var-yoxunu əlindən alırdı. Xan yaşadığı şəhərə bitişik bir kənd var idi. Oranı tutmaq çox çətin idi, çünki kənddə dünyagörmüş, ağıllı qocalar xanın hiylələrinə hər dəfə cavab verir, onu məğlub edirdilər.


Günlərin birində xan öz adamlarını başına yığıb həmin kəndi tutmaq üçün tədbir istədi. Xanın baş məsləhətçisi dedi:
— Nə qədər ki həmin kənddə ağıllı, dünyagörmüş adamlar var, oranı tutmaq çətin olacaq. Yaxşısı odur ki, əvvəlcə onları bəhanə ilə aradan götürək, sonrası asandır.


Xan bu təklifi bəyəndi, elə həmin günü öz adamlarını yanına çağırtdırıb tapşırıq verdi ki, nə təhər olur-olsun, gedib o kəndin başbilən adamlarını, qocalarını aldadıb bura gətirərsiniz.


Xanın adamları hamısı eyni vaxtda kəndə doluşub hərəsi bir qocanın evinə getdilər. Onlar hiyləyə əl atıb dedilər:
— Bizim xanımız bir məsələdə bərk çətinliyə düşüb. O, ümidini sizə bağlayıb kömək istəyir. Deyir ki, bircə günlüyə mənə məsləhət vermək üçün yanıma gəlsinlər.
Qocalar yarı zor, yarı xoş əlacsız qalıb xanın adamları ilə getdilər.


Xan qocaların gətirildiyini görüb əmr elədi, hamısını zindana saldılar. Bu tərəfdən xan həmin kəndə getmək üçün atlı çağırdı, üç alma verib dedi:
— Bu almaların biri birillik, o biri ikiillik, üçüncü isə üçillikdir. Almaları apararsan həmin kəndə, camaatı meydana yığıb deyərsən ki, xan əmr eləyib ki, bunların neçə illik olduğunu tapsınlar. Onlara üç gün vaxt verirəm, tapa bilməsələr, onda kəndi talan edəcəyəm. Əgər bu sirri tapan olsa, həmin adam yanıma mənim xoşladığım heyvanla gəlməlidir, həm də o elə adam olmalıdır ki, boyca məndən hündür olsun, mən ona aşağıdan yuxarı baxım.


Çapar atlanıb xanın tapşırığını xəbər vermək üçün həmin kəndə gəldi. Camaatı bazar meydanına yığıb əhvalatı söylədi.
Çapar almaları verib geri qayıtdı. Kəndin camaatı nə qədər fikirləşdi, almaların sirrini tapa bilmədi.


Bu kənddə qoca bir qarının Əhməd adlı balaca nəvəsi var idi. O, çox ağıllı və qoçaq uşaq idi. Həmin gecə Əhməd səhərə kimi yata bilmədi, çox fikirləşdi, suallara cavab tapa bilmədi, axırda yadına düşdü ki, bu işdə böyüklərdən məsləhət almaq lazımdır.


Nənəsindən xəbər aldı ki, kəndimizdə heç qoca, ağıllı kişilərdən qalan varmı? Qarı dedi:
— Bala, kəndin kənarında bircə nəfər yaşı yüzü ötmüş bir qoca qalıb, şikəst olduğu üçün xanın adamları onu aparmayıblar.


Əhməd səhər tezdən durub həmin qocanın yanına getdi. Gördü bir nurani kişidir. Saç-saqqalı ağappaq qar kimi, gözləri tutulub, qıçları şikəst olub, yerindən tərpənə bilmir.


Əhməd ədəb-ərkanla qocaya salam verdi, onun yanına məsləhətə gəldiyini söylədi.
Qoca dedi:
— Oğlum, məndən nə məsləhət istəyirsən?


Əhməd xanın şərtlərini qocaya söyləyib ondan kömək istədi.


Qoca əlini alnına qoyub bir qədər fikirləşdi. Sonra sualların cavabını necə tapmağı Əhmədə öyrətdi. Axırda dedi:
— Oğul, bircə sirri mən bilmirəm, gərək onu özün tapasan. O da xanın hansı heyvanı xoşlamasıdır. Bunun üçün bircə çarə var, gərək bir yolla xanın şəhərinə keçəsən, çox ehtiyatla, tədbirlə bu sirri öyrənəsən. Əhməd dedi:
— Elə bu saat gedirəm həmin sirri öyrənməyə.


Əhməd qocadan çox razı qaldı. Evdən çıxıb getmək istəyəndə həyətdə bir qoca arvadın ocaq qalamaq üçün çör-çöp yığdığını gördü. Bu, qocanın bacısı idi. Qocanın bacısından başqa, heç kimsəsi yox idi. Əhməd dedi:
— Ay qarı nənə, bu çör-çöpü neynəyirsən?
Qarı dedi:
— Oğul, odunumuz qurtarıb meşəyə gedənimiz yoxdu, odur ki çör-çöp yığıram.


Əhməd qarıdan balta, bir də çatı istədi. Qarı gətirib verdi. Əhməd gedib meşədən bir yekə şələ odun qırdı, çatı ilə bağlayıb qocanın həyətinə töküb getdi. Əhməd gedə-gedə ürəyində fikirləşirdi, görsün nə yolla xanın sirrini öyrənsin. Elə ki şəhərin kənarına çatdı, gördü hər yüz addımdan bir əli qılınclı gözətçilər dayanıb, onların yanından keçmək mümkün deyil. Amma bir qədər kənarda xanın qoyun sürüsü göy çəmənlikdə otlayır, qoyunlar gah bu tərəfə, gah o tərəfə keçirlər. Əhməd bunu görüb kəndə qayıtdı. Kəndərindəki çobanın yanına gedib, əhvalatı ona danışdı. Xahiş elədi ki, qoyunun birini kəssin, dərisini bütöv çıxarıb versin ona. Çoban beş dəqiqənin içində bir yekə qoçu kəsib dərisini bütöv çıxartdı. Əhməd dərini bir dəsmala büküb düz gəldi xanın sürüsü otlayan yerə. O bir ağacın altında qoyunun dərisinin içinə girib başladı iməkləyə-iməkləyə sürüyə tərəf getməyə, cəld özünü verdi qoyunların arasına, gedib bir xeyli aralıda dəridən çıxdı, dərini qatlayıb bükdü yenə dəsmala. Əhməd baxıb gördü, uzaqda sürünün çobanı göy otun üstündə uzanıb çoban bayatısı çalır, yanında da bir keçi var.


Keçinin buynuzları, üstbaşı par-par parıldayır, bir qədər yaxına gedib gördü keçinin buynuzlarını qızıla tutublar, boynuna qızıldan zınqırov taxıblar, üstünə tirmədən şal salıblar. Daha nə başınızı ağrıdım, keçini elə bəzəyiblər ki, adam baxanda məəttəl qalır. Əhməd başladı keçiyə baxmağa, çoban onu görüb dedi:
— Ay bala, nə çox baxırsan?
Əhməd dedi:
— Ay çoban qardaş, mən belə keçi görməmişəm, ona görə baxıram.
Çoban dedi:
— Sən bu şəhərin adamı deyilsən? Bu keçini görməyən adam yoxdur.
Əhməd gördü, çoban onu tanısa, işlər alınmaz. Odur ki dedi:
— Mən heç yerdən gəlməmişəm, elə bu şəhərdə oluram, amma nənəm məni bu vaxta kimi evdən heç yerə buraxmayıb, odur ki həmin keçini də görməmişəm.
Çoban dedi:
— Bala, onda bil və agah ol ki, bu bizim xanın keçisidir. O, uşaqlıqdan keçini çox xoşlayarmış. Həmin keçini xanın əmri ilə belə bəzəyiblər.


Əhməd bu xəbəri eşidəndə sevindiyindən bilmədi neyləsin, tez qayıtdı geri. Bir az çobandan aralanandan sonra qoyun dərisini dəsmaldan açıb girdi içinə, özünü vurdu qoyunların arasına, sürünə-sürünə keçib gəldi öz kəndlərinə, gördü adamlar qalıblar əlləri qoyunlarında, bilmirlər nə eləsinlər. Həmin gün xanın suallarına cavab verməsələr, kəndləri əldən çıxacaq.


Əhməd irəli yeriyib dedi:
— Camaat, mənə bir hündür dəvə, bir də bir keçi verin, gedəcəyəm xanın şəhərinə, onun suallarına cavab verib kəndimizi xatadan qurtaracağam.
Əhmədin sözünə hamı gülüşdü, dedilər:
— Bala, yəqin, sənin ölümün yetib. Bəs qorxmursan ki, xanın qəzəbinə gələrsən?
Əhməd dedi:
— Mən xandan qorxmuram.
Adamlar dedilər:
— Bala, xan səni görən kimi deyəcək ki, yəqin, məni ələ salıblar, bu kənddə bir adam tapmadılar ki, mənim yanıma uşaq-muşağı göndərdilər.
Əhməd dedi:
— İstədiyim heyvanları verin, dalısıynan işiniz yoxdur. Camaat gördü ki, başqa əlac yoxdur, bir hündür boylu dəvə tapıb Əhmədi mindirdilər üstünə, bir keçinin də boğazına kəndir bağlayıb ucunu verdilər Əhmədə. Əhməd almaları da götürüb başladı xanın şəhərinə tərəf yol getməyə. Xanın adamları Əhmədi apardılar saraya. Xan Əhmədi görən kimi qəzəbləndi, istədi onu zindana saldırsın, amma keçini görüb fikirləşdi ki, suallarımın birini tapıblar, görək o birilərinə necə cavab verəcəklər. Odur ki dedi:
— Bala, mən demişdim ki, yanıma göndərdiyiniz adam məndən hündür olmalıdır. Mən gərək onunla danışanda aşağıdan yuxarı baxım. Bəs buna niyə əməl eləmədiniz?
Əhməd dedi:
— Xan sağ olsun, məgər görmürsünüz ki, mən dəvənin üstündə sizdən çox hündürdəyəm, özü də aşağıdan yuxarıya mənə baxıb danışırsınız, elə siz deyəndir də.
Xan dedi:
— Axı sən dəvədən düşsən, mənim dizimdən də aşağıda dayanarsan.
Əhməd dedi:
— Mən niyə dəvədən düşürəm ki, səndən də aşağıda duram.
Xan gördü uşaq hazırcavabdır. Odur ki dedi:
— Bala, di almaların sirrini de görək.
Əhməd dedi:
— Xan sağ olsun, sizin şərtiniz olan kimi mənim də şərtim var.


Əmr eləyin, camaatı yığsınlar şəhər meydanına, orada almaların sirrini açıb deyim.
Xan nə qədər elədi ki, burada de, oğlan razı olmadı, xan dedi:
— Sən ki belə tərslik eləyirsən, almaların sirrini düz deyə bilməsən, boynunu vurduracağam.
Əhməd dedi:
— Mən razıyam.


Bəli, xan əmr verdi, şəhər meydanında taxt quruldu, camaat hamısı ora yığışdı. Xan da bir dəstə adamla meydana getdi.
Əhməd irəli yeriyib dedi:
— Xan sağ olsun, mən sualların cavabını düz tapsam, bizim kəndimizə toxunmamalısan, bir də zindana saldığın qocalarımızı azad eləməlisən, tapa bilməsəm, nə istəyirsən elə.
Xan söz verdi ki, şərtlərlə razıdır. Əhməd bir qab su istədi, o saat gətirdilər. O, almaların üçünü də suya saldı. Almaların biri çökdü suyun dibinə, ikincisi qaldı suyun ortasında, üçüncüsü isə lap suyun üzündə üzdü.
Əhməd dedi:
— Birinci, builki təzə alma olduğu üçün canı şirəlidir, ağırdır, odur ki çökdü qabın dibinə. İkinci alma keçənilkidir, bir qədər suyunu çəkib, quruyub deyə, suyun ortasında qalıb, üçüncü alma isə üç il bundan əvvəlkidir. O, tamam suyunu çəkib, yüngülləşib ona görə də suyun üzündə üzür.


Xanın adamları gördülər, Əhməd düz dedi. Odur ki qaldılar məəttəl. Xan fikrini dəyişmək istədi, amma gördü ki, onda camaatın arasında hörmətdən düşəcək, əlacı kəsildi, qocaları zindandan azad elədi. Kəndə toxunmayacağına söz verdi.


Əhməd qocaları da götürüb öz kəndlərinə qayıtdı. Kənd camaatı bu şad xəbəri eşidib Əhmədin qabağına çıxdı. Ona «afərin» deyib, alqış etdi.
Balaca Əhməd öz ağlı, bacarığı və tədbiri ilə kəndi xilas elədi. Göydən üç alma düşdü. Biri nağıl söyləyənin, biri məsləhət verən qocanın, biri də Əhmədin.