Nağıllar, hekayələr

Mirzə İbrahimov. “Bağban Rövşən”

Zəng çalınıb fasilə olan kimi uşaqlar məktəbin həyətinə tökülüşdülər. Artıq özünü hiss etdirən cənub günəşinin yandırıcı şüaları yalnız günün ikinci yarısında bura düşürdü. Odur ki uşaqlar fasilələri də siniflərdə və ya uzunsov dar dəhlizdə keçirirdilər.


Məktəbin həyəti balaca idi. Ortasında çox kiçik bir idman meydançası vardı. Meydançanın axırındakı tikan çəpər həyəti üç tərəfdən yaşıl qələmlərlə hasarlanmış bağçadan ayırırdı. Bu bağça və onun yanındakı iki hektarlıq yer məktəbin təcrübə sahəsi idi.


Fasilədə uşaqlar hamısı idman meydançasına səpələnib oynadığı halda, on üç yaşlı bəstəboy, qarabuğdayı, iri, alagözlü Rövşən hiss olunmadan bağçaya keçdi və ağacların arasında gözdən itdi.


Yaz girəndən, hər gün fasilələrdə Rövşən beləcə yox olur və zəng olanda özünü təngnəfəs sinfə salırdı. Hətta məktəbdə heç kəs olmayanda da axşamlar onu bağçaya girib-çıxan görürdülər. Heç kəs bilmirdi ki, Rövşən bağçaya niyə xəlvətcə gedib gəlir, orada nə edir. Bu barədə yoldaşları sual verəndə qaşqabağını sallayırdı.
— Elə belə gedirəm, bağçada gəzmək xoşuma gəlir! — deyib başdan eləyirdi.

 

Rövşənin bu hərəkəti məktəbdə müxtəlif danışıqlara səbəb olmuşdu. Hətta bunu pis yerə yozanlar da vardı. «Yəqin, təzə-tər xiyarlara gözü düşüb». «Yox, alçaya meyil salıb», — deyərək bəzi yoldaşları onu ələ salırdılar. Müəllimlər və başqa şagirdlər Rövşən barədə bu cür danışıqları eşidəndə rədd edirdilər, çünki onun təmiz və tərbiyəli uşaq olduğuna şübhələri yox idi.


Yalnız riyaziyyat müəllimi Rövşəndən nigaran idi, onun hərəkətlərinə şübhə ilə baxırdı. Buna da səbəb lap birinci görüşdə, birinci riyaziyyat dərsində Rövşənin şuluq salması olmuşdu: bir cərgə dalda oturan Xanış kağızı yumurlayaraq çirtməklə Rövşənin boynunun ardına atmışdı, Rövşən də onun burnunun ucunu nişan alaraq həmin girdə kağızı güllə kimi ona qaytarmışdı. Müəllim Rövşənin hərəkətini görüb ona acıqlanmışdı. Ondan sonra yenə bir neçə belə hadisə olmuş və Rövşən barədə riyaziyyat müəlliminin öz xüsusi rəyi yaranmışdı. Bu gün isə riyaziyyat dərsində lap biabırçılıq oldu. Müəllim Xanışı lövhəyə çağırmışdı, məsələ vermişdi. Riyaziyyatı yaxşı bilən Xanış çaşıb qalmışdı, həll edə bilmirdi. Uşaqlar him-cimlə onu başa salmaq istəyən yerdə daha da çaşdırmışdılar. Bu zaman kim isə qapını tıqqıldatdı. Müəllim «Gəl!» demək yerinə, özü qapıya yollandı. Bundan istifadə edib Rövşən məsələnin həllini kağıza yazdı və lövhənin qabağına qaçdı. Elə kağızı Xanışın ovcuna qoyan yerdə müəllim döndü və Rövşəni görüb bərk acıqlandı. Ancaq müəllim nə dedisə, Rövşən ağzını açıb bir kəlmə danışmadı. Nəhayət:
— Divardan səs çıxar, səndən yox, — deyib müəllim ondan ümidini üzmüş kimi Xanışa döndü.


Ancaq əslində, müəllimin bütün fikri Rövşəndə idi. «Axı niyə bu uşaq belə edir?», — deyib düşünürdü. Bu fikirlər nəticəsində müəllim Rövşənin sinifdəki hərəkətləri ilə fasilə zamanı bağçada itməsi arasında bir əlaqə olduğu qərarına gəlmiş və onu izləməyi nəzərdə tutmuşdu.


Bütün bunlardan xəbərsiz olan Rövşən qələmlərin altından keçib bağçanın sıx yerinə girdi. Hərdən qalın budaqların arasından fəzanın bir parçası, ya da uzaq kəndlər: taxıl, pambıq zəmiləri görünürdü. İlin bu fəslində, yəni may ayının ortasında bütün Şirvan düzü yaşıllıq içərisində itir.

 

Bağçadakı alça, armud, alma, ərik ağacları çoxdan güldən düşmüşdü. Onların qalın yarpaqlarının arasından iriləşməkdə olan göy meyvələr seçilməyə başlayırdı. Nar ağacları isə hələ gül də açmamışdılar. Rövşən onlara baxıb düşünürdü: «Təbiət nə qədər gözəldir! Necə də hər şey öz vaxtında əmələ gəlib yetişir. Alça qurtarmamış tut çıxır, sonra da bir-birinin ardınca gilas, gilənar, qaysı, armud, üzüm və alma dəyib şirinləşir. Təbiət çox gözəldir, bizim torpaq çox mehriban, səxavətli və sevimlidir!..»


Rövşən ağacların görkəmindən, ətrindən, yarpaqların pıçıltısından doymurdu. Bütün bunlar sanki dilə gəlib onunla danışır, ona həyatın gözəllikləri və hikmətləri haqqında pıçıldayırdılar. Rövşən hiss edirdi ki, bu canlı, lakin dilsiz aləm başqa aləmdir. Şeirlə, musiqi ilə, sirlərlə dolu aləmdir...


Hər gün onu bura çəkən də bu qəribə aləmin sirlərindən birini açmaq həvəsi idi. Ağaclarla danışa-danışa, onların ətirli nəfəsi ilə nəfəs ala-ala irəliləyərək gəlib lap əldən-ayaqdan kənar bir guşədə dayandı. Burada nar ağacları o qədər sıxlaşıb bir-birinə suvaşmışdı ki, əyilib ikiqat olmadan o tərəfə keçmək mümkün deyildi. Rövşən belə də elədi, narların arasındakı açıqlığa keçdi və yamyaşıl otların altında həzin şırıltısı kəsilməyən arxın qırağında durdu. Ora basdırılmış hündürlüyü bir metrə qədər olan nazik, balaca çubuğu diqqətlə gözdən keçirməyə başladı. Çubuqda tumurcuqlar əmələ gəlmişdi, hətta aşağı gözlərdə yarpaq açılmağa başladığını görəndə sevincindən öz-özünə: «Yaşa, var ol!» — dedi. Elə bu zaman narların dalından başqa bir səs eşitdi:
— Nə olub, Rövşən, kiminlə danışırsan?!


Rövşən riyaziyyat müəllimini səsindən tanıdı və qaşqabağını salladı. Bu qədər əziz tutduğu bir sirri ona inanmayan bir adama açmaq istəmirdi.
— Niyə danışmırsan, səninləyəm?! — deyib müəllim narları araladı və bu tərəfə keçməyə çalışdı.
— Ay Həbib müəllim, tələsmə, gözlə, bir yerdə keçək! — deyə başqa bir səs riyaziyyat müəllimini dayanmağa məcbur etdi. Bu təbiyyat müəllimi Sahib idi. Rövşən sevindi:
— Müəllim, gəlin, bir görün, mən deyəndir, alça çubuğunu da cücərtmək olar! — deyib qışqırdı.
Müəllimlər ikisi də bu tərəfə keçdi. Təbiyyatşünaslıq müəllimi Rövşənin göstərdiyi çubuğa diqqətlə nəzər saldı, onun cücərdiyini görüb dikəldi. Rövşənin alnından öpdü:
— Sağ ol, oğlum, qoçaqsan! — dedi və təəccüblə onları süzən riyaziyyat müəlliminə döndü. — Görünməmiş şeydir, meynə rişəsiz sadəcə çubuq vasitəsilə artırıla bilər, alça isə yox, qışda Rövşənlə bu barədə mübahisəmiz oldu. O bu alça çubuğunu cücərtməklə bitkilər dünyasında yeni təcrübələrə hüdud olmadığını sübut etmişdir. Sağ ol, oğlum! Bundan sonra bağban olacaqsan. Bağban Rövşən!


Riyaziyyat müəllimi də sevinclə Rövşənə baxıb gülümsəyirdi.