Xəbərlər

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günüdür

2001-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə Aprelin 26-sı dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd edilir.
Bu günü elan etməklə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının milli hökumətləri bütün dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və yenilikçiliyin həvəsləndirilməsinə, əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırır.


Biliklərə əsaslanan XXI əsr iqtisadiyyatında əqli mülkiyyət intellektual kapital rolunda çıxış edir. İnkişaf etmiş ölkələrdə artıq əqli mülkiyyət aktivləri maddi aktivləri üstələyərək dünya iqtisadiyyatında yeni mərhələ yaratmışdır. Vaxtilə xammal və materiala əsaslanan iqtisadiyyatlar yeni mərhələdə kreativ iqtisadiyyata çevrilmiş və nəticədə əqli mülkiyyət fenomeni prioritet fəaliyyət və təhlil istiqaməti kimi formalaşmışdır. 


Bu gün əqli mülkiyyət hər bir ölkənin davamlı inkişafında əsas rol oynayır. Çünki elm, texnika və mədəniyyətin inkişafı əqli mülkiyyət hüququnun qorunmasından asılıdır. Bu mənada, əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti həm də ölkənin elmi-texniki potensialının inkişafı və bu potensialdan səmərəli istifadəyə səbəb olur. Buna görə də əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib mərhələ kimi qəbul olunmaqdadır.