Bu maraqlıdır!

Argentina

Argentina Cənubi Amerikada Braziliyadan sonra ikinci böyük ölkədir. Rəsmi adı - Argentina Respublikası olan ölkənin sahəsi - 2,791,810 km²-dir , əhalisi isə - 2012-ci ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 41 281 631 nəfərdir. Paytaxtı – Buenos-Ayresdi.


Argentina – latınca “argentum” sözundəndir, mənası “gümüş” deməkdir. Argentinanın müxtəlif coğrafi xüsusiyyətləri var, eləcə də zəngin və maraqlı tarixi və mədəniyyəti olan böyük bir ölkədir.


Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağları və Atlantik okeanı arasında yerləşir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika materikinin ikinci, dünyanın səkkizinci dövlətidir. Çili (5308 km), Boliviya (832 km), Paraqvay (1880 km), Braziliya (1261 km) və Uruqvay (580 km) ilə sərhəddi vardır.
Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir.


İspan konkistadorları ilk dəfə bu torpağa ayaq basarkən və Rio-De-La-Plata çayı sahillərinə çatarkən, bu çayda həddindən artıq gümüş olduğunu görəndə onları heyrət bürümüşdür. Bu çayda olan gümüşə görə bu torpağa “Argentina” adı verilmişdir. İlk dəfə Argentinanın adı Martin del-Barko Sentenerin “Argentina və Rio-De-La-Plata çayının fəthi” poemasında çəkilir. Bu poema 1602-ci ildə yazılmışdır. Orada bu ərazi "Tierra Argentina" (Gümüşün torpağı) adlandırılır. O vaxtdan bu torpağı Argentina adlandırırlar.


Əhalinin 90 faizi katolikdir.


Argentina ərazisinin coğrafiyası mürəkkəbdir. Ölkə ərazisi şərq tərəfdən Atlantik okeani ilə, qərb tərəfdən isə And dağları ilə əhatə olunub. And dağlarının bəzi zirvələrində daimi buzlaqlar mövcuddur. Ölkənin ən cənub əraziləri isə Antarktidaya yaxınlığı ilə seçilir. 


Argentina əsasən subtropik iqlim qurşağında yerləşməsinə baxmayaraq Santa Cruz, Chubut, Tierra del Fuego, Rio Negro vilayətlərində və həmçinin And dağlarında və dağətəyi ərazilərdə qar yağması adi bir haldır. Qeyd etmək lazımdır ki bütün cənub yarımkürəsində olduğu kimi Argentinada da fəsillər şimal yarımkürəsindəki gedişatından əksinə baş verir(qışda yay, yayda isə qış). Həmçinin Argentinanın ən cənub əraziləri Antarktidaya nisbətən yaxın yerləşdiyi üçün burada bəzən sərt hava şəraiti müşahidə olunur.


Argentina əhalisi 40 milyon nəfərdir. Argentinalılar saylarına görə Cənubi Amerikada 3-cü, Latın Amerikasında isə 4-cü milli qrupdur. Yalnız braziliyalıların (190 mln.), meksikalıların (145 mln.) və kolumbiyalıların (52 mln.) sayı onlardan çoxdur. Müasir argentinalılar müxtəlif vaxtlarda Argentina ərazisinə gəlmiş avropalıların, induların və afrikalıların törəməlidirlər. Ölkənin periferiya regionlarının əksəriyyətində metislər üstünlük təşkil edir. Bununla belə ölkə əhalisinin 2001-ci ildə aparılmış siyahıya alması zamanı əhalinin 97 %-i özünü ənənəvi olaraq daha yüksək təbəqə sayılan ağdərilər kateqoriyasına mənsub olduğunu bildirmişdir. Cəmi 2 % əhali indu əsilli olduğunu qeyd etmişdir.