Bu maraqlıdır!

Parfiya dövləti

Dövlətinin əsasını parn qəbilələri qoyub. İlk zamanlar Xəzər dənizi ilə Amudərya çayı arasındakı çöllərdə köçəri həyat sürən bu qəbilələr əsasən, maldarlıqla məşğul olur və cins atlar saxlayırdılar. Sonralar isə oturaq həyata keçmiş, əkinçilik və üzümçülüklə məşğul olmuşlar.


E.ə. 247-ci ildə parn tayfasının başçısı Arşak özünü padşah elan etdi və Parfiya dövlətinin əsasını qoydu. Arşak bəzi ətraf əraziləri öz dövlətinə birləşdirdi. Parfiya dövləti tarixi ədəbiyyatda bəzən Arşakın şərəfinə Arşakilər dövləti də adlanır. 


Parfiya II Mitridatın hakimiyyəti illərində daha da qüvvətləndi. II Mitridat «şahlar şahı», «böyük» titullarını qəbul etmişdi. Parfiya öz ərazisini Qərb istiqamətində genişləndirməkdə davam edirdi. Bu zaman Roma imperiyası da ərazisini Şərqə doğru genişləndirməyə çalışırdı. Onların Şərqə doğru yürüşlərinə Parfiya mane olurdu. Bu səbəbdən Parfiya və Roma dövlətləri arasında toqquşmalar baş verirdi.

 

Roma dövləti Krassın başçılığı ilə Parfiyaya qarşı böyük ordu göndərdi. E.ə. 53-cü ildə Şimali Mesopotamiyada parfiyalılar Krassı ordusu ilə birlikdə məhv etdilər. E.ə. 38-ci ildə olan döyüşdə isə romalılar qələbə qazandılar. 200 ildən çox davam edən Roma—Parfiya qarşıdurmasında tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi.


Parfiya dövləti mövcud olduğu bütün dövr ərzində qədim Azərbaycan dövlətləri Atropatena və Albaniya ilə siyasi, iqtisadi və mədəni əlaqələr saxlamışdır. Bu dövlət lər Roma işğalına qarşı Parfiya ilə birgə mübarizə aparmışdılar. Zaman keçdikcə çoxsaylı müharibələr Parfiya dövlətini zəiflədir, bir çox əyalət hakimləri mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Onlar arasında hakimiyyət uğrunda mübarizə güclənirdi.

 

Parfiya dövlətində şəhər mədəniyyəti, sənətkarlıq və ticarət inkişaf etmişdi. Böyük İpək yolunun üzərində yerləşən Parfiya dünya ticarətində mühüm vasitəçi rol oynamışdır. Parfiyalılar öz ərazilərindən keçən karvanların qorunmasına xüsusi fikir verir, lakin Çin tacirlərinə Roma ilə birbaşa əlaqə saxlamağa icazə vermirdilər. Parfiya mədəniyyətinə yunan mədəniyyətinin güclü təsiri olmuşdur. Bunu Parfiya pullarının üstündəki yunan yazıları da sübut edir.