Şeirlər

Əliağa Kürçaylı. Vətən

Mən səndən bir yaşıl budaq istədim, 
Sən mənə bəxş etdin zümrüd meşələr. 
Mən səndən kiçik bir otaq istədim, 
Sən mənə bəxş etdin dilbər guşələr. 
 
 
Mən səndən adicə həyat istədim, 
Sən məni çıxardın min-min səhərə. 
Mən səndən kiçik bir qanad istədim, 
Sən məni uçurdun ənginliklərə.
 
 
Mən səndən bir dəstə çiçək istədim, 
Mənimçün dörd fəsil yaz elədin sən. 
Mən səndən ilhamlı ürək istədim, 
Sən mənə təb verdin milyon ürəkdən. 
 
 
Mən səndən kiçik bir sevinc istədim, 
Sən mənə bəxş etdin bütöv səadət. 
Mən səndən bir parça bürünc istədim, 
Sən mənə bəxş etdin xəzinə, dövlət. 
 
 
Mən səndən istədim açıq bir alın, 
Sən mənə bəxş etdin əzəmət, vüqar. 
Mən də başıaçıq, ayağı yalın 
Yolunda can qoysam, yenə az olar. 
 
 
Bəlkə, buna görə əzəmətlisən — 
Nəyin var vermisən əsirgəmədən! 
Sən bir ana kimi səxavətlisən, 
Anam Azərbaycan, Vətən, can Vətən!