Görkəmli şəxsiyyətlər

Corc Eliot

Corc Eliot 1819-cu il oktyabrın 22-də İngiltərədə anadan olub. C.Eliot təxəllüsü ilə yazan 'Meri Enn' ya da 'Marian Evans' Viktoriya dövrünün ən məşhur ingilis yazıçılarından olub.


Həyatının ilk 21 ilini İngiltərənin Uoruikşayr bölgəsindəki bir kənddə keçirən Eliot bu illərdə insanları və ətrafı daha da yaxından tanıya bilib. Atası böyük bir malikanənin anbardarı idi. Anasının ölümündən sonra atası ilə qalan Eliot təhsilini yarıda saxlamalı olur. 

 

1849-cu ildə atasının ölümündən sonra o, İsveçrəyə gedib, daha sonra Londona köçərək Vestminster Revyu jurnalında işləməyə başlayıb. Eliot o dövrün məşhurları ilə tanış olma imkanı qazanıb. 

 

Ədəbiyyat həyatına tənqidçi və tərcüməçi olaraq başlayan Eliotun ilk hekayəsi Scenes of Clerical Life'dır ( 1852; "Din Adamının Həyatından Səhnələr"). 1859-da çıxan ilk romanı “Adam Bede” gündəlik həyatı incəliklərinə qədər təsvir etməsi ilə diqqət cəlb etib. 1860-cı ildə Sahildəki dəyirman, bundan bir il sonra isə tarixi roman olan “Romola” çıxır.  

 

Məşhur jurnalist Corc Henri Lyus ilə olan dostluğu Eliotun həyatına böyük məna qatıb. Lyus onu roman yazmağa həvəsləndirirdi.  Lyus ölənədək təxminən 25 il onların dostluğu davam etmiş, 1878-ci ildə Lyusun ölümündən sonra Eliot Con Uolter Kros ilə evlənir. Qısa bir vaxt sonra Eliot da xəstələnir və dünyasını dəyişir.

 


Adam Bede, The Mill on the Floss, Silas Marner, Romola, Felix Holt, the Radical, Middlemarch, Daniel Deronda romanlarının, The Spanish Gypsy (dramatik şeir), Agatha, Armgart, Stradivarius, The Legend of Jubal, Arion, A Minor Prophet, A College Breakfast Party, The Death of Moses, From a London Drawing Room, Count That Day Lost şeirlərinin müəllifi olan Corc Eliot 1880-ci il dekabrın 22-də 61 yaşında vəfat edib.