Bu maraqlıdır!

Romans-qəzəl

Romans — səs və instrumental (çox zaman fortepianoda) müşayiət üçün nəzərdə tutulmuş musiqi əsəridir. Azərbaycanda romans janrının ilk yaradıcısı bəstəkar Asəf Zeynallı olmuşdur.

 

Azərbaycanda romans janrının daha bir növü mövcuddur ki, buna da romans-qəzəl deyilir. Romans-qəzəl janrı 1940-cı illərdə Üzeyir Hacıbəylinin yaradıcılığında meydana gəlmişdir. Mütəfəkkir, şair, XII əsr klassik Azərbaycan poeziyasının dahisi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq Üzeyir Hacıbəyli şairin iki qəzəli əsasında «Sənsiz» (1941) və «Sevgili canan» (1943) kimi vokal əsərlərini yaratdı. Bununla da romans-qəzəl janrının təməlini qoydu.

 

«Sənsiz» və «Sevgili canan» romans-qəzəlləri musiqi üslubu baxımından özünəməxsus orijinallığı, ahəngdar milli koloriti ilə fərqlənir. Üzeyir Hacıbəylinin hər iki romansı qəlblərə sirayət edən ifadəli melodiyaya malikdir.

 

«Sənsiz» və «Sevgili canan» romanslarının ilk ifaçısı dünya şöhrətli müğənni Bülbül olmuşdur.

 

«Sənsiz» romans-qəzəlinin ən gözəl ifaçılarından biri də dünya şöhrətli Azərbaycan müğənnisi, Xalq artisti Müslüm Maqomayev olub.

 

XX əsrin müxtəlif illərində bu janrda görkəmli bəstəkarlarımızdan Tofiq Quliyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Ramiz Mustafayev, Vasif Adıgözəlov və digərləri də gözəl nümunələr yaratmışlar. Belə qəzəl-romanslardan biri də Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun Məhəmməd Füzulinin qəzəlinə yazdığı «Vətənimdir» romansıdır. Bu romansı əvvəlcə dinləyək, sonra isə həmin qəzəldən bir parçanı notla oxuyaq.