Təbiət

Yenotabənzər it

Yenotabənzər it və ya Ussuriya tülküsü (lat. Nyctereutes procyonoides) — həqiqətən yenot kimi görünən bir heyvandır. Orta ölçülü it hesab edilən bu heyvan itlər fəsiləsinə aid yırtıcı növüdür.


Bədəninin uzunluğu 65—80 sm, quyruqları 15—25 sm; çəkiləri isə 4—10 kq arası dəyişir. 


Bədəni alçaq, pəncələri qısadır. Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütunu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur. Onların yayılma arealı Hind-Çin yarımadası, Çin, Yaponiya və Koreya yarımadasının meşə və daş meşə zonalarıdır.


Rusiyada isə əsasən uzaq şərqdə Amur vilayəti ərazisində müşahidə edilir. 1927 - 1957 illər ərzində ovçuluq məqsədi ilə 10 min yenotabənzər it SSRİ-nin 76 vilayətinə buraxılmışdır. Asiya hissədə onlar yaşaya bilmədilər, ancaq SSRİ-nin Avropa hissəsində asanlıqla yayıldılar. Hətta SSRİ sərhədlərini keçərək Finlandiya, Çexiya, Rumıniya, Polşa və Almaniya ərazisinə yayılmışlar.


Əsasən rütubətli meşə zolağında yaşayırlar. Məskunlaşma 

yerləri nadir hallarda yol kənarlarında və ya kəndlərin yaxınlığında olur. Onlar əsasən gecə həyatı sürürlər. Bəzi hallarda meşə daxilində yerləşən su tutarlarında və dəniz kənarı sularda görünürlər. Ov məqsədi ilə gün ərzində 7-10 km yol qət edə bilirlər. Təhlükə zamanı itlər fəsiləsinə daxil olan canlılardan fərqli olaraq onlar dalaşmaq əvəzinə özlərini ölülüyə vururlar. Çox vaxt bu onları xilas edir.


Onlar istər ət, istərsə ot yeyəndirlər. Yayda gəmiricilər, quşlar və onların yumurtaları, qurbağalar, böcəklərlə qidalanırlar. Payız ayları isə taxıl bitkiləri və giləmeyvələrlə qidalanırlar. Qışlamadan öncə çəkilərini iki kq artırırlar. Qış yuxusu dekabr-yanvardan, fevral-marta qədər davam edir. Qışda çəkiləri 25 % azalır.


Ov zamanı heyvan 7-8 km məsafəni aşa bilər. Onların əsas düşmənləri canavarlar və vaşaqlardır. Onlarda quduz xəstəliyi geniş yayılmışdır.


Cüt şəkildə yaşayırlar. Hamiləlik müddəti 60 gün davam edir. Əsasən 6-8, maksimum isə 19 bala verirlər. Balaların yetişdirilməsində hər iki valideyn iştirak edir.


Yetkinlik yaşına 8—10 ayında çatırlar. Ömürləri 3—4 il davam edir.


Yenotabənzər it Yaponiyada xoşbəxtlik simvolu kimi tanınır.