Bu maraqlıdır!

Çətirin yaranma tarixi

Çətirin yaranma tarixi dəqiq bilinmir, amma bununla bağlı müxtəlif əfsanələr var. Əfsanənin birinə görə bir neçə əsr bundan əvvəl, həyat yoldaşını çox sevən çinli bir adam, hər hansı bir havada gəzə bilməsi üçün yoldaşına "hər zaman onunla birlikdə olan bir dam" icad edib.


Hindistanda isə çətir haqqında əfsanə  Zita adlı bir qız ilə bağlıdır. Zita çox gözəl idi və yaxşı yemək bişirmək qabiliyyəti var idi. Lakin çox iş gördüyündən günəşin şüası qızın üzünü bərk yandırırdı və Zitanın gözəlliyi görsənmirdi. Bundan narahat olan hindlilərin müqəddəs tanrılardan biri gənc xanımın ailə qurmasına qərar verir. Bunun üçün ona əllə tutulacaq fərdi bir çətir verir. Daha günəş Zitanın üzünü  yandırmadı və hər kəs Zitanın  gözəl bir qız olduğunu gördü.


İlk çətirlər 2 kiloqramdan çox ağırlıqda idi və tutqacının uzunluğu təxminən bir və ya bir neçə metr idi.


Qədimdə sadə insanlara çətir istifadə etmək qadağan olunurdu, çünki çətir “güc və sərvətin” simvolu hesab olunurdu.


Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilib. Hətta ingiliscədə “umbrella” sözü latıncada kölgə mənasını verən “umbra” kəlməsindən yaranıb.


E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu.


Romalılar çətiri misirlilərdən götürüb və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxıblar. Qədim Romada kişilər çətirdən istifadə etmirdi. Yağlı kağızdan düzəldilən çətirin su keçirmədiyi də məlum olduqdan sonra qadınlar yağışlı havalarda da ondan istifadə etməyə başladılar.


Avropada əsasən XVIII əsrdən etibarən çətirdən geniş istifadə olunub. Fars səyahətçisi və yazıçısı Jonas Hanvay (1712-1786) İngiltərədə 30 il ərzində çətir götürüb. Bununla da o çətiri məşhurlaşdırıb, kişilər arasında istifadəsini yayıb.
İlk çətir dükanı 1830-cu ildə Londonda açılıb.


Avropada ilk vaxtlar çətirlər ağacdan hazırlanır və alpaqa adlanan süni yun ilə və ya qalın, yağlanmış kətan parça ilə örtülürdü. 1852-ci ildə Samuel Fox ilk dəfə metaldan çətir dizayn etdi. O həm də “English Steels Company”nı qurmuşdur. Həmin dövrdə qadın yubkalarında istifadə olunan məftil dizaynından faydalanaraq çətiri indiki formasına çatdırmışdır. Bu çətirlərin istehsalı və istifadəsinin asanlaşmasında və geniş istifadə olunmasında növbəti böyük icad idi.


Avropada çətirlər yun və kətan parçadan düzəldilir, su keçirməməsi üçün yağlanırdı. Bu da ona qara rəng verirdi. Avropada digərlərinin əksinə olaraq çətirlər kişilər tərəfindən də mənimsənildi və qara rəngli çətirlər kişilərin yağışlı havalarda, ağ rəngli çətirlər isə qadınların ayrılmaz atributu oldu.


Yun parçaya yağ sürtülərək düzəldilən çətirlər sonradan başqa parçalardan düzəldilməyə başlansa da qara rəng su keçirməzliyin simvolu olaraq qaldı və əksər çətirlər qara rəngdə düzəldildi.