Şeirlər

Aşıq Qurbani. Bənövşəni

Başına döndüyüm ay qəşəng Pəri, 
Adətdi, dərərlər yaz bənövşəni. 
Ağ nazik əlinlə dər, dəstə bağla, 
Tər buxaq altında düz bənövşəni.

 

Tanrı səni xoş camala yetirmiş, 
Səni görən aşıq ağlın itirmiş, 
Mələklərmi dərmiş, göydən gətirmiş? 
Heyif ki, dəriblər az bənövşəni.

 

Başına döndüyüm, bağa gəl, bağa, 
O gözəl hüsnündən bağa nur yağa, 
Dəstə-dəstə dərib taxar buxağa, 
Bənövşə qız iylər, qız bənövşəni.

 

Səhər olcaq şeyda bülbül oxuşdu, 
Hökm olundu, süleymanlar yerişdi, 
Sərt qış gəldi, gülün vaxtı sovuşdu, 
Daha iyləmirik biz bənövşəni.

 

Qurbani der, könlüm bundan sayrıdı, 
Nə etmişəm, yarım məndən ayrıdı?! 
Ayrılıqmı çəkib, boynu əyridi? 
Heç yerdə görmədim düz bənövşəni.