Şeirlər

Rəsul Rza. “Çinar ömrü”

 (ixtisarla)


Nə payızdı, nə qışdı...
Bir çinar qurumuşdu.
Nə suyunu kəsdilər onun,
nə üstünə kölgə düşdü.
Ağac ayaq üstə qurumuşdu.
Nə yarpaqları saraldı,
saplağı sınmış kimi.
Nə xəzəli töküldü,
yuvasından uçan quş kimi.
Elə bil ki gövdəsi üşümüşdü.
Çinar beş yüz ildən bir az,
bircə yaz
az yaşadı...
Yaşadı, puçurlaya-puçurlaya
bugündən sabaha.
Çinarın ölüm günü
ilk pöhrəsindən,
ilk yarpağından başlamışdı.
Əsr-əsr yaşadı bu ölüm
çinarın budağında,
gövdəsində, kötüyündə.
Ayrılmadı çinardan
bir an da, bir gün də.
Çinar duymasa da onu,
Ölüm keçdi, pöhrə-pöhrə
yarpaq-yarpaq,
budaq-budaq yolunu.
Bir qış, duyan olmadı ki,
çinar artıq quruyub.
Yazbaşı gördülər ki,
budaqlar oyanmadı,
Yarpaqlar göyərmədi.
Çinar yatmışdı, nədi?!
Günlər keçdi.
Nə qotaz sarı sırğaları sallandı
çinarın,
nə kölgəsi sərildi çəmənə
naxış-naxış.
Arxada qalmışdı,
qılıncı şaxtadan – qış.
Yazbaşı gördülər ki,
Çinar quruyub... ölüb...
Bir gecə qara yeldən
budaq-budaq tökülüb.
Nə boy-buxundan gileyi vardı
çinarın,
nə ucalıqdan.
Çinar beş-on insan ömrü –
dörd yüz doxsan doqquz il
yarpaqlandı,
sırğalandı,
ağır-ağır yırğalandı,
sakit-sakit öldü
qocalıqdan.
Nə meydan kölgəsi qaldı,
nə narın, xəfif yeldən
bəstələdiyi nəğmə –
titrək pıçıltıları.
Bir acı göynək qaldı
insanların qəlbində çinardan.
Bir də həzin xatirə qaldı.
“Neçə meydan kölgəsi vardı”, –
dedilər.
“Neçə ulduz-ulduz yarpaqlayardı”, –
dedilər.
“Neçə qoyun-quzu dincələrdi altında”, –
dedilər.
“Neçə nəğmələr gətirərdi ona
quşlar qanadında”, –
dedilər.
Çinar getdi;
könüllərdə yanğısı,
yeri qaldı.
Dodaqlarda xan çinarın
bahar nəğmələri qaldı.
Əlli olsun, yüz olsun,
neçə-neçə əsr olsun,
Ömrün ilk günü,
son günü var.
Beş yüz ildən bir əskik
yaşadı çinar.
Fırtınada, qasırğada
əyilmədi.
Acizlik, qorxu nədir –
bilmədi.
Yaşadı çinar kimi;
budaqları çətir-çətir,
kölgəsi meydan-meydan.
Az da, çox da yaşasaydı,
belə yaşayacaqdı.
Kökü torpağa bağlı,
vüqarlı çinar kimi;
müdrik babalar kimi.
Getdi səssiz, haraysız,
nə yeddisi, nə qırxı oldu.
Təəssüfü, yanğısı gəzdi
dodaq-dodaq,
ağız-ağız.
Çinar getdi.
Ondan –
“Kaş bir il də yaşayaydı...” –
bir arzu qaldı.
Dibindən qaynayan
bir bulaq su qaldı.
Bir belə çinar ömrü
olsun deyirəm, ömrüm.
İllərin sayına görə yox!
Bir ömür ki,
xatirələrdə yanğısı, izi qalsın –
neçə-neçə ömürdən çox.
Bir ömür ki, kimsəyə
əziyyəti dəyməmiş olsun.
Bir ömür ki,
heç gileyə enməmiş,
heç kəsə baş əyməmiş olsun.
Bir ömür ki,
həm yoxuşu şərəfli,
həm dözümlü enişi.
Bir insan ömrü –
kişi ömrü, kişi.