Şeirlər

Məmməd Araz. “Əsgər məktubu”

Əsgər məktubları alıram hərdən,
Məhəbbət, cəsarət, dəyanət dolu.
Neçə tərifçinin təriflərindən
Bir əsgər məktubu gərəkli olur.

 

Əsgər nə istəyir? –
Bir təzə nəğmə.
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.

 

 

Bir əsgər yazır ki, “sərhədçiyəm mən.
Əlimdə tüfəngdir, dilimdə şeir.
İnamla, qeyrətlə qorunur Vətən.
Bunlarsız silahlar lal-kardır”, – deyir.

 

Bir nəğmə əsgərin dodaqlarında,
Sərhəd küləyinə həmsöhbət olar.
Bir nəğmə əsgərin barmaqlarında
Tətiyə söykənən cəsarət olar.

 

Əsgər məktubunda torpaq göyərir,
Meşələr uzanır ufüqlərəcən.
Əsgər məktubunda bir dağ göyərir –
Ətək də Vətəndir, zirvə də Vətən.

 

Əsgər məktubunda quş səksəkəsi,
Əsgər məktubunda qaya təmkini.
Bir nişan həsrəti,
Bir toy həvəsi
Hər sətri keşikçi nidası kimi...

 

Əsgər məktubunun cavabı çətin,
Əsgər məktubunun cavabı asan.
Yetişməz əsgərə söz məhəbbəti,
Yetişməz, sözlərin əsgər olmasa.