Xəbərlər

Məktəblilərin Ulu Öndərə həsr olunmuş yaradıcılıq sərgisi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 229 nömrəli tam orta məktəbdə paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib. Sərgi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən idarənin müdiri Rəşad Tağıyev bu cür tədbirlərin istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rolu olduğunu söyləyib, Ümummilli Liderin xatirəsinə həsr olunan sərgini yüksək dəyərləndirib, məktəbliləri Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyev irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə çağırıb.

 

Rəşad Tağıyev ulu öndər Heydər Əliyevin ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə aldığını, yüksək dəyərləndirdiyini qeyd edib. İdarə müdiri Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

 

Çıxış edənlər milli və ümumbəşəri dəyərləri dərindən bilən türk dünyasının böyük oğlu Heydər Əliyevin milli mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərdiyini nəzərə çatdırıblar. Bütün fəaliyyəti və şəxsi həyatı ilə nəsillərə örnək olan dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş tədbirlərin ümumxalq məhəbbətinin təzahürünə çevrildiyini və ulu öndərin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıblar.

 

Daha sonra qonaqlar müxtəlif bölmələr üzrə sərgilənən əl işləri ilə tanış olublar.

 

Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı şagirdləri təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, elmi-texniki, dizayn işləri, ulu öndər Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən yaradıcılıq nümunələrini nümayiş etdiriblər.

 

Qeyd edək ki, tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissləri aşılamaq, bədii-estetik zövqü, həmçinin yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.