Şeirlər

İmadəddin Nəsimi. “Ağrımaz”

Canə sən candan nə kim gəlsə, cigərlər ağrımaz, 
Həq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.


Şəha, mehrindənmidir, ya aşinalıqdanmıdır, 
Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz.

 


Fitvasından zahidin nahəq məni gər soyalar, 
Qəm degil səndən, şəha, görcək damarlar ağrımaz.


Zahidin əfsanəsindən soydular nahaq məni, 
Həq bilir səndən, şəha, sahibnəzərlər ağrımaz.


Şişəmi çün daşə çaldım, həqqi izhar eylədim, 
Çeşmi-əhvəl ağrıdan arif bəsərlər ağrımaz.


Zahidin bir barmağın kəssən, dönər, həqdən qaçar, 
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.


Cəhli-namərdin qaçan meydan günündə yeri var, 
Ər bilir meydan qədrin kim, qədərlər ağrımaz.


Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin, 
Bunca namərdi görün, bir ər qıyarlar, ağrımaz.