Görkəmli şəxsiyyətlər

Aşıq Ələsgər

Aşıq Ələsgər özünəməxsus təbii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kişi əkin-biçinlə, dülgərliklə məşğul olmuş, uşaqları böyüdükdən sonra güzəranını yaxşılaşdırmaq üçün dəyirman işlətmişdir.


Ələsgər xüsusi təhsil almasa da, el məclislərində hədislərə, nağıllara, dastanlara böyük maraq göstərmiş, eşitdiklərini güclü yaddaşında hifz edib saxlamışdır. El aşıqlarının məclisləri, toy-şənliklər onda saza, sözə ciddi maraq oyatmış, ilk şeirlərinin yaranmasına səbəb olmuşdur.


Oğlunun istedadını görən atası onu aşıq sənətinin sirlərini öyrənmək üçün Aşıq Alının yanında şəyirdliyə qoymuşdur. Aşıq Alıdan aldığı ustad dərsləri Ələsgərin sənətkar kimi püxtələşməsində böyük rol oynamışdır. Çox keçməmiş Aşıq Ələsgərin apardığı məclislərin sorağı hər tərəfə yayılmış, o, Göyçə ilə yanaşı, İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncə, Kəlbəcər və digər yerlərə toy, şadlıq məclislərinə dəvət edilmişdir. Aşıq sazı, sözü, ədəb-ərkanı ilə el-oba içində ustad sənətkar kimi böyük şöhrət qazanmışdır.


Qoca yaşlarında ailəsində baş verən bədbəxt hadisələr aşığa ağır təsir etmiş, qəlbində bədbin hislər doğurmuşdur. Erməni daşnaklarının Göyçə mahalında törətdiyi qırğın nəticəsində Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcərin Yanşaq kəndinə, oradan da Tərtərə köçmüşdür. İki il sonra doğma kəndinə qayıdan aşıq ömrünü burda başa vurmuş, 1926-cı ildə vəfat etmişdir.


Aşıq Ələsgərin zəngin bədii irsi toy və şənlik məclislərində, çeşmə başında, yaylaqlarda bədahətən dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə, müxəmməs və digər janrlarda olan əsərlərdən ibarətdir. Şeirlərində başlıca yeri məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiətin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği, ictimai eyiblərin tənqidi tutur.


Aşiqin sevgi yolunda qarşılaşdığı çətinliklər, əzab və iztirabların təsviri məhəbbət mövzusunda yaratdığı qoşmalarının əsas motivini təşkil edir.


Nazik barmaqlıdı, şümşad əllidi, 
Ayna qabaqlıdı, siyah tellidi. 
Şəkər söhbətlidi, şirin dillidi, 
Tuti kimi xoş zəbanım gedibdi.


Onun el gözəllərinin tərifinə həsr olunmuş şeirlərində nikbin, şən, şux ruh hakimdir. Gözəlləmə adlanan bu şeirlərdə el qızının zahiri gözəlliyinin təsviri ilə yanaşı, saf, incə təbiəti, vəfalı, düz ilqarlı olması da öz əksini tapmışdır. “Güləndam”, “Bəyistan”, “Düşdü” və s. şeirlərində Azərbaycan gözəlinin mənəvi-əxlaqi keyfiyyətləri tərənnüm edilir, bədii portreti çəkilir.


Səni gördüm, əl götürdüm dünyadan, 
Qara gözlü, qələm qaşlı Güləndam! 
Alma yanağına, bal dodağına, 
Baxan kimi ağlım çaşdı, Güləndam!


Təbiətə həsr olunmuş şeirlərində aşığın vətənpərvərliyi, xalqına bağlılığı qabarıq ifadə olunub. Aşığın “Yaylaq”, “Gördüm”, “Dağlar” rədifli qoşmaları ədəbiyyatımızda doğma yurdun gözəlliyinə həsr olunmuş ən maraqlı əsərlərdəndir. “Yaylaq” rədifli qoşmasında və gəraylısında yazda el-obanın üz tutduğu, el gözəllərinin, igidlərin qaynaşdığı, aşıqların çal-çağın eşidilən səfalı yaylaqlar, seyrəngahlar tərənnüm edilir:


Könlüm qaranquştək uçub qoynuna, 
Gəzir hər yamacı, hər yalı, yaylaq! 
Ruhum təzələnir, məst olur ürək, 
Görəndə bu çağı, bu halı, yaylaq!


Aşıq Ələsgərin yaradıcılığında nəsihətlərin əks olunduğu şeirlər - ustadnamələr mühüm yer tutur. Aşığın əxlaqi-tərbiyəvi mövzuda olan “Gərəkdi”, “Olmaz” şeirləri xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir:


Bu dünyanı mən təcrübə eylədim, 
Namərd körpü salsa, onda ad olmaz. 
Bir mərd ilə ağı yesən, şirindi, 
Yüz namərdlə şəkər yesən, dad olmaz.


Aşığın yaradıcılığının bir qismini cəmiyyətdəki nöqsanları, ədalətsizliyi, istismarı tənqid edən ictimai motivli şeirlər təşkil edir. “Çıxıbdı”, “Görmədim” əsərlərində həyatın bərkini-boşunu görmüş müdrik aşıq zəmanəsində müşahidə etdiyi nöqsanlara, zülm və haqsızlığa, özbaşınalığa kəskin tənqidi münasibətini bildirir.


Belə şeirlərdə tənqid hədəfləri “bivəfa,” “nakəs”, “müxənnət”, “namərd” mahalda, kənddə özbaşınalığa rəvac verən çar hakimləri - naçalnik, pristav, koxa, eləcə də istismarçı ağalar, quldurlar, ikiüzlü, fırıldaqçı ruhanilərdir.


Bu böyük el sənətkarı aşıq şeirinin, demək olar, bütün janrlarına müraciət etmiş və hər birində böyük uğur qazanmışdır. Tükənməz xalq yaradıcılığı çeşməsindən süzülüb gələn bu təkrarsız sənət nümunələri xəlqiliyi, dil sadəliyi, üslub gözəlliyi, forma əlvanlığı ilə dinləyicinin, oxucunun bütün dövrlərdə zövqünü oxşamış, onda gözəl hiss və duyğuların baş qaldırmasına səbəb olmuşdur. Qoşma, gəraylı, təcnis və dodaqdəyməzləri məna dərinliyi, səmimilik, təbiilik, həyatilik, forma bitkinliyi baxımından yarandığı gündən örnək olmuşdur. Bu əsərlər sözlərin sərrast seçimi, qafiyə əlvanlığı, məzmuna uyğun epitet, təşbeh, metafor, mübaliğə, təkrir, təzad və s. istifadə məharəti ilə diqqəti həmişə cəlb etmişdir. Saz havalarına uyğun yaradıldığı üçün onun şeirləri ahəngdar və axıcıdır.


İctimai motivli şeirləri üçün həyat həqiqətlərinə sadiqlik, cəmiyyətdəki bəlaların doğru-dürüst təsviri, məzmun dolğunluğu, kəskin tənqidi ruh daha səciyyəvidir.


Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi ölkəmizin bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbi olmuşdur. Araşdırma istedadlı el sənətkarının ömür yolu, çoxcəhətli yaradıcılığı, sənətkarlığı barədə əhatəli məlumatın əldə olunmasına və qiymətləndirilməsinə imkan verir.