Bu maraqlıdır!

İmmunitet nədir

Sən demə, orqanizm özü də özünü xəstəlikdən qoruyur. Keçmiş zamanlarda bir çox xəstəliklər geniş ərazilərdə yayılıb xeyli insanın ölümünə səbəb olurdu. Bir xəstəliyin geniş ərazidə yayılmasına epidemiya deyirlər. Bu epidemiyalar zamanı həkimlər müşahidə edib gördülər ki, xəstələrdən hansısa biri əvvəllər bir xəstəliyə tutulub sağalmışsa, ikinci dəfə həmin xəstəliyə yoluxmur.


Məsələn, çiçək xəstəliyinə yoluxan insanlar sonralar bir daha bu xəstəliyə tutulmurlar. Həkimlər bunun sirrini çox araşdırdılar və nəhayət, aşkar etdilər ki, sən demə, canlı orqanizmlərdə kiçik qoruyucu hissəciklər var. Xəstəliktörədicilər orqanizmə düşəndə bu qoruyucu hissəciklər onlarla mübarizəyə başlayırlar. Onların arasında əsl döyüş gedir. Əgər hissəciklər qalib gəlirsə, insan sağalır. Həmin xəstəliyin törədiciləri bir də nə vaxtsa orqanizmə düşüb onu xəstələndirmək istəsələr, bu, baş tutmur. Çünki artıq orada bu «düşmənləri» yaxşı tanıyan «döyüşçülər» var. Xəstəliktörədicilər əl-qol açmağa macal tapmamış «tərk-silah» edilir və orqanizm xəstəlikdən xilas olur. Buna orqanizmin müqaviməti, yaxud təbii immuniteti deyilir. İmmunitet sözünün mənası da elə latın dilindən tərcümədə «xilas olmaq, azad olmaq» deməkdir. Alimlər bunu öyrənəndən sonra bir çox xəstəliklərlə mübarizə aparmaq asanlaşdı. Onlar peyvəndlər, vaksinlər kəşf etdilər, indi uşaqları xəstəliklərə qarşı peyvənd edirlər. Peyvəndin köməyi ilə insanların orqanizmində hansısa yoluxucu xəstəliyin törədicilərinə qarşı mübarizə aparan hissəciklər yaradırlar. Bu, süni immunitet adlanır. Həmin xəstəlik yayılanda kiçik qoruyucular uşaqların orqanizmini xəstələnməkdən qoruyur.


İmmunitet canlı orqanizmləri xəstəliklərdən qoruyur. İmmunitet bütün insanlarda eyni dərəcədə güclü olmur. Ona görə də bəzi insanlar çox nadir hallarda, bəziləri isə tez-tez xəstələnirlər.


İnsanlar kimi, heyvanlar da peyvənd oluna bilir. Bu, heyvanları xəstəliklərdən qoruyur və heyvandarlığın inkişafına kömək edir.


İmmunitetin öyrənilməsi bitkiçiliyin də inkişafına səbəb oldu. Alimlər immunitetin sirrini açandan sonra xəstəliklərə davamlı olan yeni bitki sortları yaratdılar.