Odlar Yurdu

Fit qalası

Fit dağı mühüm hərbi strateji əhəmiyyətə malik olmuşdur. Yamacları, əsasən, meşəlikdən, bir sıra yerlərdə isə sıldırım qayalıqlardan ibarət olan dağın ən yüksək zirvəsində inşa olunan Fit qalası Şamaxı şəhərindən təxminən 35 km məsafədə yerləşir.Qalanın adı hündürlüyü dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fit dağının adından götürülüb.


Divarların müəyyən hissəsi uçduğundan tam olaraq qala divarlarının hündürlüyünü müəyyən etmək mümkün deyil. Lakin mənbələrdə divarların hündürlüyünün təxminən 5 metrə çatdığı göstərilir.


Fit dağındakı “Qanlı qaya” adlanan ərazidə Şirvan hakimi Mustafa xanın 1791-1792-ci illərdə tikdirdiyi qalanın divarları qalmaqdadır. Mənbələrdə verilən məlumata görə, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın bölgəyə hücumu zamanı Mustafa xan Fit qalasına çəkilir və sonadək orada müdafiə olunur. Ağa Məhəmməd şah Qacarın orduları hücuma keçsə də, qalanın alınmaz olduğunu görüb geri çəkilirlər. Sonradan Mustafa xan Qala ətrafında üç arşın enində divar tikdirir. Fit qalası XIX əsrdə Çar Rusiyasının işğalçılıq müharibəsinə də mətanətlə sinə gərmişdir.


XIX yüzilliyin ilk illərində Çar Rusiyasının Azərbaycan torpaqlarını işğal etməsi bölgədə yeni müharibə ocaqlarının yaranmasına səbəb olur. Bu dövrdə Şamaxı xanlığının da müstəqilliyi real təhlükə qarşısında qalır. Mustafa xan ilk dövrlərdə Rusiyanın tələblərinə məhəl qoymur. Lakin qüvvələrin qeyri-bərabərliyi və Azərbaycan xanlıqlarının bir cəbhədə birləşməməsi Şamaxı xanlığının da vəziyyətini olduqca çətinləşdirir.


Fit qalasını özünə sığınacaq seçən Mustafa xan Çar Rusiyasına tabe olmaq istəmir. Bu dövrdə general Sisianov qalanı zəbt etməyin qeyri- mümkün olduğunu öyrənir və Şamaxı xanlığını tabe etmək üçün Mustafa xanla danışıqlara getməyə razı olur. Sisianov Mustafa xanı Kürəkçay sahilindəki öz hərbi qərargahına dəvət edir. Lakin Mustafa xan Fit qalasını tərk etməyəcəyini bildirir. Çünki o, Sisianovun hiyləgərcəsinə plan hazırladığını anlamışdı. Bir müddət sonra müqavilə mətni ilə yaxından tanış olan Mustafa xan Şirvan əhalisinin təzminat ödəməyəcəyini bildirir və sülh müqaviləsindən bu maddənin çıxarılmasını tələb edir.


Lakin Sisianov bunun müqabilində Şamaxı xanlığının illik bac vergisini 7 min çervon məbləğində müəyyənləşdirir və Fit dağı yaxınlığındakı Çərtmə dağının ətəyində görüş keçirilir. 1805-ci il dekabrın 27-də Mustafa xanla Sisianov arasında 11 maddəlik müqavilə imzalanır və Şamaxı xanlığı Rusiyadan asılılığı qəbul edir.

 

Qalaya getmək üçün Sulut kəndi yaxınlığındakı Haramçayın yatağından piyada və ya atla dik qalxmaq lazımdır. Qala yaxınlığında daşdan müdafiə səddi çəkilib. Ətrafda orta əsrlərə aid tikili qalıqları, hamam yeri, meydançalar var.  Hazırda Fit dağının şərq yamacında, Haramçaydan 250-300 metr yüksəklikdə iri daşlardan tikilmiş sədd qalmaqdadır.