Bu maraqlıdır!

Hörümçək toru haqqında bilmədiklərimiz

Hörümçək toru dünyada ən möhkəm materiallardan biri sayılır. Torun quruluşu o qədər tamdır ki, əgər ondan karandaş yoğunluqda kəndir hörsək, bu bir sərnişin təyyarəsini havadan asılı vəziyyətdə saxlaya bilər. Əgər çay qırağında yaşayan hörümçək torunu çox hündürdə qurursa, deməli, yazda güclü sel olacaq.

ABŞ-da hörümçək torundan bronejilet (güllə qoruyucu) kimi istifadə olunması qənaətinə gəliblər. Çünki hörümçək toru cox yüngül, möhkəm olduğundan onu əsgər formasının altında asanlıqla gəzdirmək olur. O, şüşə kimi möhkəm, neylon kimi elastik, möhkəmliyinə görə poladdan üstündür. Hörümçəklərin ifraz etdiyi, diametri 0.001 millimetrdən daha kiçik olan iplik eyni qalınlıqdakı polad simdən beş dəfə möhkəmdir. Öz uzunluğunun dörd misli qədər uzana bilir. Hörümçək ipi çox yüngüldür.

Yerin diametri uzunluğundakı hörümçək ipinin çəkisi cəmi 320 qramdır. Bu xüsusiyyətlərin hər biri ayrı-ayrı məmulatlarda ola bilər. Ancaq hamısının bir məmulatda toplanması çox diqqət çəkir. Çünki həm poladdan möhkəm, həm də elastik məmulat tapmaq olduqca çətindir. Məsələn, polad kəndir ən möhkəm məmulatlardan biridir. Lakin kauçuk kəndir kimi elastik olmadığına görə, tədricən formasını dəyişir.

Kauçuk kəndir isə formasını asanlıqla dəyişdirməsinə baxmayaraq, kifayət qədər möhkəm olmadığına görə, ağır yük qaldıra bilmir. Hörümçəklərin hazırladığı ip möhtəşəmdir. Gərilmə dərəcəsi çox yüksəkdir. Odur ki, hörümçək ipini qırmaq üçün lazım olan enerji digər bütün bioloji materiallara sərf olunan enerjidən on dəfə çoxdur.