Mədəni irsimiz

Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski

Azərbaycanın Xalq Artisti,  görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi Hüseynqulu Sarabskinin XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardandır.
 
Professional musiqi teatrının banilərindən biri olan Hüseynqulu Sarabskini səhnəmizin əfsanəvi Məcnunu adlandırırlar. Sənətə Şərqin və Azərbaycanın  ilk operası, dahi Üzeyir  Hacıbəylinin “Leyli və Məcnun” zirvəsindən başlayan sənətkar bütün ömrünü bu zirvənin məsuliyyətini və ucalığını dərk edərək yaşayıb, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olub. Səhnədə olduğu 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib.
 
1879-cu ildə Bakıda kasıb bir ailədə doğulan, gözəl səsə malik olan Hüseynqulu uşaqlıqdan musiqiyə böyük həvəs göstərirdi. Görkəmli sənətkarın  Sarabski təxəllüsünü götürməsinin maraqlı tarixçəsi var. 12 yaşında olarkən ilk dəfə həvəskarların ifasında “Xan Sarabi” adı ilə tamaşaya qoyulmuş Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyasına baxır. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də tamaşadan aldığı güclü təəssüratla bağlıdır. 
 
Hüseynqulu Sarabski  teatra çətin bir dönəmdə gəlmişdi. Ancaq o, teatra, aktyorluq sənətinə qarşı çıxanların tənəsinə, hədə-qorxularına baxmayaraq öz arzularına doğru inamla irəliləyirdi. Onun teatra gəlməsində, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhimbəy Məlikovun, Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.
 
İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun “Dilin bəlası” pyesində Rəsul rolunu ifa edən Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli obrazlar yaradıb.
 
O, Azərbaycan dilinə tərcümə olunmuş  Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərləri əsasında hazırlanmış tamaşalarda da çıxış edib. Məhz Henrix Heynenin “Əlmənsur” pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu “Hicaz” muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili-teatra, operaya gətirir.
 
Məhz bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir Hacıbəylinin diqqətini cəlb edir. Məcnun rolu Hüseynqulu Sarabskiyə böyük şöhrət qazandırır. Bu roldan sonra bir vaxtlar teatra “oyunbazlıq” kimi baxanların Sarabskiyə qarşı olan münasibəti dəyişir. 
 
Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, Üzeyir Hacıbəylinin opera və operettalarında – Kərəm (“Əsli və Kərəm”), Şeyx Sənan (“Şeyx Sənan”), Şah Abbas (“Şah Abbas və Xurşidbanu”), Söhrab (“Rüstəm və Söhrab”), Sərvər (“O olmasın, bu olsun), Mərcan bəy (“Ər və arvad”), Əsgər (“Arşın malalan”), Müslüm Maqomayevin “Şah Ismayıl”ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində Aşıq Qərib rollarının ilk ifaçısı olub. 
 
H.Sarabski həmçinin, bir sıra publisistlik əsərlərin müəllifidir. Bütün gücünü Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələri “Köhnə Bakı” kitabında əksini tapıb.