Şeirlər

Söhrab Tahir. Birlik

Birləşək! Dünyada güclər birləşib, 
Qalalar birləşib, bürclər birləşib. 
Birləşib dünyada dili ayrılar, 
Torpağı ayrılar, eli ayrılar.
Alıblar dünyadan öz haqlarını 
Behişt eləyiblər torpaqlarını.

 

 

 

Birləşsin bizim də məskənlərimiz! 
Qalaya çevrilsin ürəklərimiz! 
Birləşsin ən güclü qollar, qələmlər! 
İrəli atılan dəmir qədəmlər! 
Birləşsin birləşib qala bilənlər, 
Birləşsin birlikdə ola bilənlər!

 


Çaylar birləşəndə dənizə dönür! 
Dənizlər düşmənə qorxunc görünür! 
Dənizi içməklə qurtarmaq olmaz, 
Dənizi ölümlə qorxutmaq olmaz! 
Birləşmək hər yerdə iti silahdır, 
Bütün haqlılara böyük pənahdır. 
Birlik günəş dolu dirilik yolu, 
Xalqın haqq yoludur bu birlik yolu!