Bu maraqlıdır!

Baham adaları

Baham adaları və ya tam rəsmi adı Baham Adaları Birliyi – 700 adadan ibarət ABŞ-ın Florida ştatının yaxınlığında, Kubanın şimal-şərqində yerləşən bir dövlətdir. Dövlətin Sahəsi – 13,9 min km², əhalisi – 0,4 mln. nəfər (2005-ci il). Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir. Paytaxtı Nyu-Providens adasında yerləşən Nassau (Nasso) şəhəridir. 


Bahamdakı 700 adadan yalnız 30-da insanlar məskunlaşıb. Adalar Atlantik okeanın ortasındakı kəhraba boyunbağını xatırladır. 970 kilometrlik məsafədə Atlantik okeanının şimal-qərbindən cənub şərqinə uzanan Baham adalarının ərazisi 260 min kvadrat kilometrdir. Bu ərazinin yalnız 14 min kvadratkilometri qurunun payına düşür. Qalan ərazi isə adalar daxili su hövzələri və adalara bitişik olan okean əraziləridir. Bahamın ən böyük adaları Nyu-Providens, Andros, Böyük Baham, Elyutera və və Böyük İnaquadır. 


Baham adaları dünyanın ən gözəl guşələrindən və insanı heyrətə salan məkanlarından biridir.


Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur.


Baham adaları əsasən mərcan tipli əhəng daşlarından ibarətdir. Adalarda böyük əksəriyyəti təsadüfi hallarda rast gəlinən və dairəvi formada olan təpələr üstünlük təşkil edir. Onlar dənizdən göylərə can atan günəbaxanları xatırladırlar. Baham adalarındakı ən hündür dağ isə Ket-Aylenddəki Maunt Alverniya dağı hesab edilir. Maunt Alverniya dağının hündürlüyü 61 metrdir.


Baham adaları başdan ayağa talalar şəklində olan və bir-birlərindən heç nə bitməyən sərt qayalıqlarla ayrılan şam meşələri ilə örtülüb. Böyük Abako və Andros adalarında isə həmişəyaşıl enliyarpaq tropik meşələr üstünlük təşkil edir. Adaların dəniz sahilləri boyunca palma ağacları uzanıb gedir və onlar adalara füsunkar bir gözəllik verirlər. Baham adaları ananas, portağal, banan və digər tropik meyvələri ilə də şöhrət qazanıb. Bundan əlavə, adalarda şəkər qamışı plantasiyaları da çoxluq təşkil edir. Okeanın ən səfalı yerlərindən birində yerləşməsi ilə əlaqədar adalarda çoxlu sayda nəsli kəsilməkdə olan və adları “Qırmızı kitab”a düşən nadir quşlar yaşayır.


Adaların sahilləri boyunca nadir hallarda rast gəlinən ağ qumlu çimərliklər gəniz uzandıqca uzanıb gedir. Baham adalarında çaylar mövcud deyil. Amma adalarda duzlu göllərin sayı kifayət qədərdir. Ada sahili ərazilər balıqla zəngindir. Adalarda yarasalar çoxluq təşkil edirlər və gecələr onlar alçaqdan uçuşaraq qəribə mənzərə əmələ gətirirlər.


Baham adaları 1492-ci ildə məşhur dəniz səyyahı Xristofor Kolumb tərəfindən kəşf edilib. Ada uzun əsrlər dəniz quldurları və macəra axtaranların məskəni olub. 300 il ərzində Baham adaları ingilislərin koloniyası (müstəmləkəsi) olub. 1973-cü ildə ada əhalisi müstəqilliyini elan edib və hazırda ada-dövlət Böyük Britaniya Birliyinin üzvüdür. Baham adalarının iqlimi isti və rütubətli tropik iqlimidir. Qolfstrimin təsiri altında adalarda qış demək olar ki, hiss edilmir. Məhz buna görə də ABŞ-ın məşhur siyasi xadimi Corc Vaşinqton Baham adalarını əbədi iyun ayı adaları adlandırıb. Qışda çox təsadüfi hallarda temperatur+15 dərəcədən aşağı enir. Yayda isə temperatur+32 dərəcədən yuxarı qalxmır. Adalara yağışlar, adətən, sentyabr-oktyabr və may-iyun aylarında yağır. Yağıntıların illik həcmi 1000-1500 millimetrdir. Adalar okeanda yerləşdiyi üçün tez-tez tropik qasırğaların hücumuna məruz qalır. Adaların əhalisi əsasən mulatlardan və zəncilərdən ibarətdir. Onlar əsasən Böyük İnaquanın cənub və Abako adasının şimalında yaşayırlar. Ümumiyyətlə, götürdükdə isə adalardakı əhalinin 70 faizi Nyu-Providens adasında yaşayır.