Nağıllar, hekayələr

Xalidə Hasilova. "Çiçək dənizi"

Gəzinti davam edirdi. İradə və İlkin hamıdan qabaqda gedirdilər. Çox keçmədi ki, onlar düzənliyə çıxdılar. Bəh-bəh, ətraf necə gözəl idi! Rəngbərəng çiçəklər elə bil bir-biri ilə yarışırdı. İradə əllərini bir- birinə vurdu və ucadan:
 
- Dənizə baxın, dənizə!
 
İlkin təəccüblə ondan soruşdu:
 
- Hanı dəniz, harada görürsən?
 
İradə düzənlik boyu görünən çiçəkləri göstərib dedi:
 
- Budur bax çiçək dənizi!
 
Qız gah sarı çiçək, gah lalə, gah da durnagülü üzüb anasına verirdi. Zəngçiçəyi onun çox xoşuna gəlmişdi. Bilmirdi hansından daha çox toplasın. İlkin isə hey sarı çiçək yığırdı. Bunu görən İradə də sarı çiçək yığmağa başladı. İradə İlkinə yaxınlaşıb:
 
- Sarı çiçəkdən çox xoşun gəlirsə, bunları da götür, - dedi.
 
İlkin götürmədi: - Yox, apar anana ver. Biz çox yığmışıq, anam qurudur. Əjdər müəllim deyir ki, sarı çiçək dərmandır.
 
- Doğru deyirsən? Nə dərmanı, baş ağrısı dərmanı?
 
- Yox, baş ağrısı dərmanı deyil, soyuq dəyəndə dəmləyib çayını içirlər. Hələ biz kəklikotu da yığıb qurutmuşuq.
 
Qızı maraq bürüdü.
 
- Kəklikotu nədir?
 
İlkin tez yamaca qaçıb nə isə axtardı. İradə onun dalınca gəzirdi. Elə bu zaman Əjdər müəllimin səsi eşidildi:
 
- Uşaqlar, dala qalmayın, tez gəlin.
 
- Biz kəklikotu axtarırıq, - deyə İlkin ucadan dilləndi.
 
- Buralarda yubanmayaq, Qazandurmazda kəklikotu lap çoxdur, orada yığarsınız.
 
Dağın başına çatdıqda artıq günorta idi. Hamı yorulmuşdu. İradə isə yorulmaq bilmirdi.
 
Lalənin anası xırda yarpaqlı otu İradəyə göstərdi: - Bax, kəklikotu budur.
 
İradə sevincək alıb diqqətlə xırdaca yarpaqları olan bu ota baxdı. Burnuna yaxınlaşdırdı. Qızın gözləri parıldadı:
 
- Aa, bunun nə gözəl ətri var!
 
İlkin tez dedi:
 
- O da dərmandır. Onu çay kimi dəmləyib içmək olar. Xəstə o saat sağalar.
 
İradə:
 
- Əjdər müəllim, doğrudur?-deyə soruşdu.
 
Əjdər müəllim gülümsəyib dedi:
 
- İlkin düz deyir. Kəklikotunu qurudub qışda xəmir xörəklərinə tökəndə həm ləzzətli, həm də ətirli olur. Hələ çay kimi dəmləyib içirlər də. Sən də yığ, anan qurudar.
 
Uşaqlar bəhsə girib xeyli kəklikotu yığdılar. Bir az dincəldilər. Sonra aşağı enməyə başladılar. İradə və İlkin yenə də qabaqda qaça-qaça aşağı düşürdülər.
 
Çox keçmədi ki, güllü-çiçəkli düzənliyə çatdılar. İradə yeni bir çiçəyə rast gələn kimi tələsik üzüb Əjdər müəllimin yanına qaçırdı:
 
- Bəs bunun adı nədir?
 
- Zəngçiçəyi.
 
- Bəs bunun?
 
- Zəncirotu.
 
- Bəs bunun? Bəs bunun?...
 
Gecədən xeyli keçmişdi. İradənin gözünə yuxu getmirdi. Güllərin-çiçəklərin adını əzbərləyir, hərəsindən birini vərəqlərin arasına səliqə ilə düzüb kitabı örtürdü.
 
Anası qızının çiçəkləri kitabın arasına düzdüyünü görüb soruşdu:
 
- Qızım, çiçəkləri ora niyə qoyursa
 
- Ana, yoldaşlarıma göstərəcəyəm. Qoy onlar da vətənimizin bu möcüzələri ilə tanış olsunlar. Müəllimimiz tez-tez deyir ki, torpağımızın altı da, üstü də qızıldır.
 
Mən bunun nə demək olduğunu indi daha yaxşı anlayıram.