Görkəmli şəxsiyyətlər

Doroti Meri Kroufut-Hodgkin

Dünyanın ən nüfuzlu mükafatlarından olan Nobelə layiq görülənlər sırasında qadınların sayı o qədər də çox deyil. Lakin qadınların layiq görüldüyü mükafatlar elmin bir çox sahələrini əhatə edir. Kimya elmi sahəsində 1964-cü ilin Nobel mükafatçısı Britaniya vətəndaşı Doroti Meri Kroufut Hodgkin olmuşdur.

 

Protein kristalloqrafiyası elm sahəsinin qurucusu Doroti Meri Kroufut Hodgkin 12 may 1910-cu ildə Qahirədə dünyaya gəlib. Atası klassik ingilis filologiyası üzrə tanınmış mütəxəssis, anası isə Sudanın florasını təsvir etmiş istedadlı botanik olmuşdur.

 

Hələ kiçik yaşlarından Dorotinin elmə marağını ən çox dəstəkləyən onun anası idi. Təsadüfi deyil ki, U.Q.Breqqin məktəblilər üçün yazdığı, kristallarda rentgen şüalarının difraksiyasından bəhs edən “Əşyaların özəlliyinə dair” kitabını da Dorotiyə anası hədiyyə etmişdi. Məhz bu kitab hələ (uşaq, körpə) yaşlarından kimyanı ona sevdirmişdir.

 

1921-ci ildə Doroti Ser Con Leman Qrammer məktəbinə daxil olur. Burada oxuyan zaman müəllimləri onun elmə olan hədsiz marağını müşahidə edirlər.

 

Əsas təhsilin mükəmməlliyi Dorotini universitetə çox yaxşı hazırlamışdı. O, ali təhsilinə 1932-ci ildə Oxford Somerville kollecində başlayıb, buranı bitirdikdən sonra isə Kembricdə Con Desmond Bernalın yanında təhsilini davam etdirib. Elmi sahədə Dorotiyə yol göstərən C.D.Bernal öz dövrünün tanınmış alimlərindən idi. D.Hodgkin Bernaldan danışarkən ona “müdrik” deyə xitab edər, bu tanınmış alimə daim heyranlıq duyduğunu dilə gətirərdi.

 

Kolleci bitirdikdən sonra C.D.Bernalla Kembric Universitetində işləmək imkanı qazanır. Dorotinin Bernalla işbirliyi zülal kristallarının rentgenostruktur analizi sahəsində böyük uğurlara gətirib çıxarır. Onlar 1934-cü ildə zülalların monokristal analizi metodunu işləyib hazırlayırlar.

 

İki ildən sonra Doroti yenidən Somervildə mineralogiya və kristalloqrafiya şöbəsində çalışmağa başlayır. O, sterolların, xüsusilə də xolesterin iodidinin analizini davam etdirir. Bu mövzuda dissertasiya işinə görə D.Hodgkin 1937-ci ildə doktorluq dərəcəsi alır.

 

II dünya müharibəsi başladıqdan üç il sonra D.Hodgkin yeni araşdırmalara maraq göstərir. O, Aleksandr Fleminq tərəfindən 1928-ci ildə kəşf edilmiş penisillinin tədqiqinə başlayır. Məlumdur ki, müharibə illərində bakteriyaların törətdiyi infeksion xəstəliklərin müalicəsi üçün belə bir preparata olduqca böyük tələbat var idi. Lakin penisillinin kimyəvi tərkibi, demək olar ki, naməlum qalmışdı. Bu səbəbdən onun sintezi və kütləvi istehsalı qeyri-mümkün idi. Belə çətin və mürəkkəb elmi kəşfə məhz Doroti Hodgkin imza atdı.

 

Penisillinin kristallarına müxtəlif tərəflərdən rentgen şüaları buraxmaqla fotolövhələrdə qeydiyyata alınmış nümunələrin difraksiyası müəyyən edilir və kristal şəbəkədə əsas atomların yerləşməsi hesablanaraq tapılır.

 

Əldə etdiyi bu nailiyyətindən bir neçə il sonra D.Hodgkin 1947-ci ildə London Kral Cəmiyyətinin üzvü seçilir.

 

1948-ci ildə xanım Hodgkin anemiyanın qarşısını alan B12 vitamininin öyrənilməsi üçün rentgenostruktur analiz tətbiq edir. Bu zaman o, hesablamaların aparılması üçün kompüterdən istifadə edə bilir. 1957-ci ildə D.Hodgkin Oksford Universitetinin rentgen kristalloqrafiyası kursunda mühazirələrə başlayır və bununla yanaşı, cəmi bir il sonra B12 vitamininin molekulyar strukturunu müəyyən edir.

 

1964-cü ildə “Rentgen şüalarının köməkliyi ilə bioloji aktiv maddələrin strukturunu müəyyən etdiyinə görə” D.Hodgkin kimya üzrə Nobel mükafatına layiq görülür.

 

Artrit xəstəliyindən əziyyət çəkən Doroti Hodgkin səhhətindəki problemlərə baxmayaraq, insulin hormonunun tədqiqatını da davam etdirirdi. Bu tədqiqat düz 40 il davam edir və nəhayət, 1972-ci ildə o, Zn – insulin analizini tamamlayır.

 

D.Hodgkin, sadəcə, bir elm (insanı, adamı, şəxsi ) deyildi. Elmdə qazandığı böyük uğurlara rəğmən hədsiz təvazökarlığı, insanlarla ünsiyyəti sevməsi onun getdikcə daha da tanınmasına yol açırdı. Bu şəxsi keyfiyyətlərdən başqa, onu həm də ictimai fəaliyyəti sevdirirdi. Belə ki, o, ictimai bərabərsizliklərə qarşı və sülh mövzusunda odlu-alovlu çıxışlar etməklə hər kəsin rəğbətini qazanırdı. D.Hodgkinin əsas maraq dairəsi insanlarla düşüncələrini bölüşmək idi. O, başqalarının problemlərini həll etməyə çalışır, ictimai ziddiyyətlərə qarşı çıxaraq bu problemləri həll etməkdə səy göstərirdi.