Nağıllar, hekayələr

Samuil Marşak. Axmaq siçan balasının nağılı

 Tərcüməçi Fikrət Sadıq


Axşam, körpə balasına
Layla çaldı ana siçan:
-Sənə qazmaq, şam qırığı
Verəcəyəm əgər yatsan.
 
Bala dedi: - Yatmaq nədir,
Sənin səsin çox incədir.
Yuxum qaçır, civildəmə,
Axtar bir dayə tap mənə.
 
Yazıq ana çıxdı yola,
Çağırdı: - Ay ördək xala,
İşim düşüb, bir bizə gəl,
Bir layla de, yatsın dəcəl.
 
Layla çaldı ördək xala:
-Qa-qa, yatsın mənim balam.
Ona tırtıl gətirəcəm,
Qa-qa, yatsın mənim bircəm.
 
Siçancığaz bəyənmədi
"Çox yorğundur səsin" - dedi.
"Elə qa-qa, elə qa-qa,
Yuxum qaçdı dinmə daha..."
 
Ora-bura qaçdı ana
Qurbağanı dayə tutdu.
Bəlkə sənə qulaq asa,
Sən layla çal, sən ovundur.
 
Qurbağa da layla dedi:
- Gəl ağlama, bala, - dedi.
Yuxu gəlsin gözlərinə
Ağcaqanad verrəm sənə.
 
Gör nə dedi bala siçan:
- Darıxdım ay aman, dayan!
Səsin batsın sənin, qurr-qurr,
Heç belə də layla olur?
 
Ana siçan durub qaçdı,
Donuza da ağız açdı:
- Bir bizə gəl, donuz xala,
Dəcəlimi sən yırğala.
 
Xırxır səsli donuz, zildən
Layla çaldı, gəl görəsən:
- İki yerkökü verərəm,
Yumsan iki gözünü sən.
 
Uyumadı siçan bala
Dedi: - Bəsdir, donuz xala,
Xırıldayır hey - nəfəsin
Nə kobuddur sənin səsin!
 
Bir at gördü ana siçan:
Buyur bizə, ay qonşucan.
Bir layla çal, bu inada
Bəlkə, səni görüb yata.
 
At fınxırdı, at kişnədi:
- Qəşəng balam, yuxla - dedi -
Yatsan, sənə pay da çatar,
Gəl, bir kisə çovdar apar.
 
Siçan dedi: - Nahaq yerə
Yorma özünü bir belə.
Dünyada səndən eybəcər
Layla çalan yoxdur hələ.
 
Ana siçan çox vurnuxdu,
Gölə çatanda duruxdu:
- Durnabalığı, bizə gəl,
Bir layla çal, yatsın dəcəl.
 
Balığın da laylasından
Uyumadı bala siçan,
Belə səssiz açıb-yumar
Bu ağzını haçanacan?!
 
Siçancığaz acı-acı
Dedi: - Bəsdir, balıq bacı,
Eşitmirəm sözlərini,
Yuxu tutmur gözlərimi.
 
Ana siçan durub qaçdı,
Məstana da ağız açdı:
- Məstan xala, bizə gedək,
Bir layla da sən de görək.
 
Yaxınlaşdı pişik xala
Şirin layla çala-çala:
- Miyo-miyo, şirin balam,
Yat, yuxusu dərin balam.
 
Axmaq siçancığaz dedi:
- Nə gec gəldin, pişik xala,
Nə həzinmiş sənin səsin,
Nə gözəlmiş sənin laylan.
 
Birdən-birə səs kəsildi...
Ana siçan qaçıb gəldi.
Gördü balası qeyb olub,
Oba köçüb, yurdu qalıb.