Nağıllar, hekayələr

Biləndər və vəzir

Günlərin bir günü Biləndər həyətdə oynayırdı. Gördü ki, bir nəfər ona tərəf gəlir. Sən demə, bu adam qonşu ölkənin vəziri imiş. Vəzir kənd və şəhərləri gəzir, sual-cavab yarışı keçirirdi. Həmişə də qalib gəlirdi. Vəzir Biləndərə yaxınlaşdı:

 

- Oğlan, bazar hansı tərəfdədir? Uzaq yoldan gəlib acmışam. Uzunqulağım da, xoruzum da acdır. Görəsən, nə alım ki, üçümüz də yeyək?

 

Biləndər dedi:

 

- Bazar bu tərəfdədir. Bizim tərəflərdə yaxşı qovun yetişir. Bazardan qovun alın. İçini özünüz yeyin. Tumlarını xoruza, qabığını isə uzunqulağa verin.

 

Vəzir Biləndərə baxıb düşündü:

 

- Bir yerin ki uşaqları bu qədər ağıllıdır, gör böyükləri necə olar?!