Görkəmli şəxsiyyətlər

Ağ Şəmsəddin

Osmanlı tarixinin ən nəhəng sultanlarından sayılan Fateh Mehmetin kamil hökmdar kimi formalaşmasında Ağ Şəmsəddinin böyük xidmətləri olub. Fateh 1453-cü ildə İstanbulu fəth edən zamanda da ona dəyərli məsləhətləri ilə yardım edən müəllimini çox yüksək qiymətləndirib.

 

Ağ Şəmsəddin XIV əsrin sonlarında – 1389-cu ildə dövrünün tanınan elm xadimlərindən olan Məhəmməd Şəmsəddin Həmzənin ailəsində dünyaya gəlib. Onun nəsil şəcərəsi böyük azərbaycanlı sufi, işraqilik nəzəriyyəsinin banisi Şihabəddin Yəhya Sührəverdiyə gedib çıxır. Bu gün də istər türk, istər ərəb, fars, istərsə də Avropa tədqiqatçıları Ağ Şəmsəddinin azərbaycanlı olmasını təsdiq edir. Onun Şamda müdərrislik edən atası sonradan bu missiyasını davam etdirmək üçün Anadoluya gəlir. O zaman yeddi yaşı olmasına baxmayaraq Ağ Şəmsəddin Quranı əzbər öyrənir. Sonra həm Sultan Fateh Mehmetin ilk və əsas müəllimi, baş məsləhətçisi, həm də böyük övliya, həkim kimi tanınır.

 

O, bütün dünya tibb elmində iki böyük nəzəriyyənin banisi kimi qəbul olunur.

 

Şəmsəddin gənc yaşlarında Şərqin böyük sufilərindən sayılan Hacı Bayram Vəlinin ən nüfuzlu müridi olur. Onu başqa tələbələrdən fərqləndirən bir cəhəti də tibb və əczaçılığa vaqif olması idi. Bu bacarığı əvvəl atasından, sonra  Göynükdəki mədrəsə müəllimindən mənimsəmiş, atasının Şamdan gətirdiyi tibb kitablarını dərindən öyrənmişdi.

 

Bir gün o, Hacı Bayram Vəli ilə söhbətləşərkən bir kişi çox qaçdığından təngnəfəs halda içəri girir. "Hacı Bayram, kömək elə, obadakı uşaqlar qırılır" deyə kişi ağlayır və ona yardım edə biləcək yeganə şəxs olan sufiyə yalvarırdı. Məlum olur ki, Ankaranın çox kənar bir yerində oba başçısı olan bu kişi digər obanın başçısı ilə düşmən kəsildiyindən ondan həmişə pislik görüb. İndi də həmin adam bu obanın istifadə etdiyi su quyusuna ölmüş siçan ataraq ölümcül mikrob yayıb.

 

Hacı Bayramla gələn Ağ Şəmsəddin vəziyyətin ağır olduğunu anlayır və əczaçılıq qabiliyyətindən yararlanaraq müxtəlif dərman bitkiləri toplayıb məlhəmlər hazırlayır.  Onun əsas işi xəstəliyi törədən fəsadları, səbəbləri aradan qaldırmaq idi. Beləliklə, Ağ Şəmsəddin gücünü xəstəliyin kökündə dayanan mikrobun zərərsizləşdirilməsinə yönəldir – topladığı dərmanı da birbaşa nəticə olan xəstəliyin yox, səbəb olan mikrobun dəfinə yönəldir. Cəmi bir həftədən sonra bütün uşaqlar şiddətli qızdırmadan və halsızlıqdan xilas olur.

 

Bu hadisə onun tibbə olan marağını daha da artırır. Təbii ki, Ağ Şəmsəddin də böyük mənəvi ustadı ibn Sina kimi təsəvvüflə, hikmətlə tibbin ortaq vəhdətinə meyil edib. O, sonralar yazacağı "Kitabül-Tibb", "Şərhi əhvali Hacı Bayram Vəli" əsərlərində bu məsələlərdən bəhs edib. Beləliklə, Ağ Şəmsəddin  təhqiqatlarını davam etdirərək mikrob nəzəriyyəsinin əsasını qoyur. "Kitabül- Tibb" də o, bunun dərin izahını verir. Avropa isə mikrob nəzəriyyəsi ilə yalnız XIX əsrdə tanış olur. Lui Paster artırdığı cüzi əlavələrlə ondan 400 il əvvəl bu müalicəni  kəşf edən Ağ Şəmsəddindən yüngül desək, oğurluq etmiş olur. "Kitabül-Tibb" də ərz olunan mikrob və onu zərərsizləşdirməyin yolları bu gün də öz aktuallığını qoruyur.

 

Ağ Şəmsəddinin Osmanlı sarayına yollanaraq Fateh Mehmetə müəllimlik etməsinə gəlincə, bunun maraqlı tarixçəsi var. Belə ki, bir gün Hacı Bayrama Vəliyə sultandan namə gəlir. Naməni oxuyan şeyx,  müridlərinə bildirir ki, Sultan II Murad onu paytaxt Ədirnəyə dəvət edir. Bu, onun özünə də çox təəccüblü gəlir. Saray elçisinə qoşularaq paytaxta gələn Hacı Bayram sultan tərəfindən böyük hörmətlə qarşılanır.

 

Sultan Murad onu bir həftə yanında saxlayır, məsləhətlərini dinləyir və axırda iş o yerə çatır ki, sultan ona vəzirlik təklif edir. Ömrünün ahıl yaşında olan övliya, təbii ki, bu təklifi xəfif bir təbəssümlə qarşılayıb cavab verir ki, könül sultanlığını bu yaşda dünyanın taxt-tacına dəyişmək fikri yoxdur. "Amma sənə elə bir gövhər verəcəyəm ki, gələcəkdə par-par parlayacaq, hətta indi bizdən çox uzaqda olan Konistantinopolu da alacaq", - deyir. Sultan bu sözdən heyrətlənib cavab verir ki, onun bu yaxınlarda bir övladı olacaq. “Bütün ruhumla onun oğlan olacağına və nəhəng Konistantinopolu fəth edəcəyinə inanıram”. Bayram Vəli təmkinini pozmadan:  “Bu fəthi nə sən görəcəksən, nə də mən. Şəhəri sənin gövhərin olan sultan oğlunla, mənim gövhərim Ağ Şəmsəddin fəth edəcək”, – deyir. Belə də olur. Sonralar gənc Şəmsəddin Fateh Mehmetin müəllimi kimi vaqif olduğu elmləri ona da öyrədir, gənc Mehmeti əsl idarəçi və fateh kimi yetişdirir. Fateh Sultan Mehmet İstanbulun fəthinə Ağ Şəmsəddinin məsləhətləri sayəsində nail ola bilir. Gəmilərin altlarının piylənməsi ideyasını ona məhz Ağ Şəmsəddin verir. O, “Ayın 20-də səhər filan tərəfdən qalaya hücum edin. O gün şəhər fəth ediləcək və Konstantinopoldan azan səsləri ucalacaq"- deyib, konkret tarix göstərərək sultan qoşununu və donanmasını təhlükədən xilas edir və qələbəyə yardımcı olur.

 

Onun məsləhətinə qulaq asan Fateh dərhal qoşuna hazırlıq əmri verir və Ağ Şəmsəddinin dediyi gün Konstantinopola hücum başlayır və səhər saat 8-də şəhər fəth edilir. Fateh şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil olub  Ayasofyaya doğru irəliləyir. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin də Fatehin yanında olur. Bizanslılar Ağ Şəmsəddini Sultan Mehmet hesab edərək ona gül dəstələri verirlər. O isə gənc Fatehi göstərərək: "Sultan budur, gülləri ona verin" - deyir. Fateh "Sultan mənəm, ancaq fəthin mənəvi atası odur" - deyə Ağ Şəmsəddini göstərir.

 

Rəvayətə görə, İstanbulun fəthindən sonra Fateh Sultan Mehmet Ağ Şəmsəddinin ziyarətinə gəlib müəllimindən onu yenidən tələbəliyə, dərvişliyə qəbul etməsini xahiş edir. Ağ Şəmsəddin cavabında: "Sultanım, sən bizim daddığımız ləzzəti dadsan, səltənəti buraxarsan", – deyir.