Bu maraqlıdır!

Nə üçün heç bir ədəd sıfıra bölünmür?

Sıfıra bölmək olmaz! Çoxumuz özümüzü artıq suallarla yormadan bu qaydanı əzbər öyrənirik.  Yaxşı, bəs nə üçün olmaz?   Bəzi  riyaziyyatçıların fikrincə,  hesab əməlləri   - toplama, çıxma, vurma və  bölmə  bərabər hüquqlu deyildir.  Yalnız  toplama və vurma əsasdır.  Qalan əməllər bu ikisinə əsaslanır.

Məsələn, çıxmanı götürək. 5–3 nə deməkdir?  Sanki hər şey sadədir:  5 əşya götürmək, üçünü çıxmaq və yerdə nə qədər qaldığına baxmaq lazımdır. Lakin riyaziyyatçılar bu məsələyə ayrı cür yanaşırlar: heç bir çıxma yoxdur, yalnız toplama var.  Ona görə də  5–3 yazısı  elə bir ədədi göstərir ki,   həmin ədədin üstünə 3 gələndə 5 alınır.  Deməli,  5-3 yazısı  x+3=5 tənliyinin müxtəsər yazısıdır, burada  heç bir çıxma  yoxdur.  Vurma və bölmə ilə də məsələ eynidir.  8:4 yazısını  8 əşyanı  4 bərabər hissəyə bölməyin nəticəsi kimi başa düşmək olar.  Lakin həqiqətdə bu, sadəcə  4·x=8 tənliyinin müxtəsər formasıdır.

İndi aydın olur ki, nə üçün sıfıra bölmək qeyri-mümkündür. 5: 0 yazısı   0·5 = 5  tənliyinin müxtəsər formasıdır. Yəni elə bir ədəd tapmaq lazımdır ki,  onu sıfıra vuranda 5 alınsın. Lakin biz bilirik ki, 0-a vuranda həmişə 0 alınır. Bu, sıfıra xas olan xüsusiyyətdir.  Sıfıra vuranda sıfırdan başqa bir nəticə verən ədəd yoxdur.  Yəni məsələmizin həlli yoxdur. Deməli,  sıfırı sıfıra bölmək cəhdinin nə həlli, nə də mənası var. 

Uşaqlar, kimsə belə bir sual verə bilər: nə üçün sıfıra  bölmək olmaz, amma 0 çıxmaq olar. Müəyyən mənada  əsl riyaziyyat elə bu məsələdən  başlayır. Bu suala ədədi çoxluqların və onlar üzərində əməliyyatların tərifləri ilə  tanış olandan  sonra cavab vermək  olar. Bu, o qədər də çətin deyildir, lakin məktəbdə öyrənilmir. Amma universitet və institutlarda sizə ilk növbədə məhz bunu öyrədəcəklər.  

 

                                   Riyazi  tapmaca

Siz dostlarınıza deyirsiniz:

- Mən fikrinizdə tutduğunuz ədədləri tapa bilərəm. İstəyirsiniz, sınaqdan keçirək?

Dostlarınız cavab verirlər:

- İstəyirik.

- Onda hərə ürəyində bir ədəd tutsun. Sonra həmin ədədin üstünə 2 gəlsin. Aldığı rəqəmi 4-ə vurub hasildən 8 çıxsın. Məsələn, Rauf, səndə hansı ədəd alındı?  

- Otuz iki.

- Sən fikrində 8 ədədini tutmuşdun.

- Elədir ki var, - deyə Rauf təəccüblə təsdiq etdi. 

 

Bu riyazi oyunun sirri  sadədir.  Dostunuzun  fikrində tutduğu  ədədi tapmaq üçün  onun  apardığı hesablamaların  sizə dediyi nəticəsini  4-ə bölmək lazımdır.