Nağıllar, hekayələr

Dərzi şagirdi Əhməd

(ixtisarla)

Hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin budu batdı, milçək mindik, çay keçdik, yabaynan dovğa içdik... 


Sizə kimdən xəbər verim, şah oğlu Şah Abbasdan. 
Günlərin bir günündə Şah Abbas vəzir Allahverdi xana dedi:

– Çoxdandı sənnən səyahətə çıxmırıq, gəl bir dərviş-libas olub çıxaq mahala, görək, nə var, nə yox.

 

Hər ikisi libaslarını çıxardıb bir dəst dərviş libası geydi, hərəsi əlinə bir ağac, bir kəşkül alıb, “Ya Əli, səndən mədəd!” deyib çıxdılar İsfahan şəhərinə. Burda da meydan qurub başladılar oxumağa. Deyirlər ki, Şah Abbasın çox gözəl avazı varmış. Bir dərzi şagirdini çağırıb dedi:

– Get o dərvişlərə söylə ki, ustam deyir, məclislərini qurtarandan sonra mənə qonaqdılar.

 

Şagird o saat baş üstə deyib özünü dərvişlərə yetirdi, ədəbnən salam verib dedi:
– Baba dərviş, ustam deyir ki, bu gecəni mənə qonaqdılar, başqasına dil verməsinlər...

 

Axşam dərvişlər gəldilər. Salam verib, içəri daxil oldular. Sonra başladılar söhbətə. Bunlar söhbət eləyirdilər, şagird də əlində iş görürdü. Birdən ustası gördü ki, şagird yuxulayıb. Şagirdin adı Əhməd idi. Usta Əhmədi dürtmələyib durğuzdu, dedi:
– Ədə, zalım oğlu, nə yatırsan, gecə qurtarmadı ki?

– Usta, sən məni niyə oyatdın? İş qaçmırdı ki, işi bir saat sonra da hazır edə bilərdim, – deyə Əhməd cavab verdi.

Usta dedi:

– Oğul, indi oyadanda nə olar, nəyin ziyana getdi?

Şagird qəmgin-qəmgin dedi:

– Usta, doğru deyirsən, bir şeyim ziyana getməyib, ancaq bir yuxu görürdüm, heç olmayan kimi. O yuxum yarımçıq qaldı, ona heyifsilənirəm.

– Oğul, o necə yuxu idi ki, ona heyifsilənirsən?

– Usta, hər nə buyursan, onu yerinə yetirməyə hazıram, amma o yuxunu demərəm.

 

Usta da, dərvişlər də təəccüb eləyib, bir-birinin üzünə baxdılar. Usta o saat başa düşdü ki, qonaqlar da bu yuxunu bilmək istəyir.

 

Usta və dərvişlər nə qədər yalvardılar, olmadı. Başladılar onu dilə tutmağa. Yenə Əhməd dedi, demərəm ki, demərəm.

– Usta, demir, qoy deməsin, sən də heç üstünü vurma.

 

Xülasə, dərvişlər ustayla xudahafizləşib düşdülər yola. Küçəyə çıxan kimi Şah Abbas Allahverdi xana dedi:

– Vəzir, gərək Əhmədin yuxusunu biləm.

 

Şah Abbas taxta çıxan kimi əmr elədi ki, filan yerdə bir dərzi var, onun Əhməd adlı bir şagirdi var, bu saat həmin Əhmədi mənim hüzuruma gətirin.

 

İki fərraş özünü yetirdi həmin dərzinin dükanına. Əhmədi götürüb Şah Abbasın divanxanasına tərəf yönəldilər.

 

Bəli, Əhmədi gətirdilər şahın hüzuruna.

 

Şah Abbas gülə-gülə dedi:

– Oğul, mən eşitmişəm sən bir yuxu görübsən, heç kimə demirsən. Söylə görüm, o yuxu nədi?

Əhməd cavab verdi:

– Qibleyi-aləm sağ olsun, mən əhd eləmişəm ki, o yuxunu heç kimə deməyim.

Şah Abbas nə qədər çox dedi, Əhməd o qədər az eşitdi. Şah Abbas axırda qəzəblənib çığırdı:

– Cəllad gəlsin, bu haramzadanın boynunu vursun!

Cəllad yapışdı Əhmədin yaxasından, istədi aparsın, Vəzir Allahverdi xan Şah Abbasın qulağına dedi:

– İndi bunu öldürsən, yuxunu bilməyəcəksən. Yaxşısı budur ki, Əhmədi bir yaxşıca döydürüb göndərək zindana. Orada ağıllanar.

Şah Abbas cəlladı azad eləyib, üzünü tutdu Əhmədə:

– Ey Əhməd, hələlik mən sənin qanından keçirəm. Gəl sən biryolluq o yuxunu aç.

– Qibleyi-aləm sağ olsun, əmr sizindi, mən deməyəcəyəm.

 

Şah bu cavabı eşidən kimi əmr elədi, bir dəstə çubuq, bir şallaq gətirdilər. Əhmədi döyməyə başladılar. Əhməd heç cınqırını da çıxarmadı.
Şah Abbas gördü, Əhməd lap çubuq altında ölsə də, bir söz deməyəcək. Əmr elədi, Əhmədin əl-qolunu açdılar, üzünü tutub zindanbana dedi:

– Apar, bunu sal mənim xüsusi zindanıma.

 

Əhmədi zindana salan kimi biçarə ayaq üstə dura bilməyib, tirtap uzandı yerə. Ayağının, bədəninin sızıltısından dayana bilməyib başladı hönkür-hönkür ağlamağa.

Şah Abbasın bir qızı var idi. Adına Pəri Soltan deyərdilər. Pəri Soltanın evi zindana bitişik idi. O gördü zindandan ağlamaq səsi gəlir. Yanındakı qaravaşdan soruşdu:

– Ay qız, quldan, kənizdən atam kimi zindana saldırıb? Zindandan qulağıma ağlamaq səsi gəlir.
Qaravaş dedi: 
– Xanım, zindana bir oğlan salıblar, bilmirəm kimdi, vallah, deyirsən, Yusifdi, qəbirdən qalxıb, özü də 18–19 yaşında. 


Xülasə, qaravaş Əhmədi o qədər tərif elədi ki, Pəri Soltan görməzdən, bilməzdən Əhmədə aşiq oldu. Qız dedi:
– Dur gedək, bir özüm ona baxım.

 

Pəri Soltan Şah Abbasın gözünün ağı-qarası təkcə övladıydı. Özü də elmli, kamallı bir qız idi. Bir sözlə, elmiynən gözəlliyi bərabər idi. Pəri Soltan özünü zindanın qapısına yetirdi. Deşikdən içəri baxıb nə gördü? Gördü, vallah, bir oğlan uzanıb zarıldayır, deyirsən, Yusifdi, qəbirdən çıxıb.

 

Pəri Soltan Əhmədi görən kimi aşiqi-şeyda olub, az qaldı ürəyi getsin, üzünü qaravaşa tutub dedi:

– Ey qaravaş, əhsən sənin zehninə. Ancaq mən nə təhər eləyim ki, bu oğlan barədə bir əhval bilim, görüm bu, kimdi, nəçidi, nə üçün zindana salınıb? Bunları bilsəm, qalanı asandı.

 

Qaravaş tez getdi zindanban çağırmağa. Zindanban dinməzsöyləməz düşdü qaravaşın dalınca. 
Xanım özünü acıqlı göstərib dedi: 
– Bu, kimdi, bunun günahı nədi? Bunu bura kim saldırıb?

– Əgər xatiriniz istəyirsə, bu saat buyurun, qapını açım, özünüz zəhmət çəkib danışdırın, ya da istəyirsiniz, mən özüm öyrənib sizə xəbər verim.

 

Pəri Soltan şad olub dedi:

– Elə gəlmişkən yaxşı olar ki, özüm bir əhval bilim, bir də day sonraya qalmasın.

– Əmr sənindi, nə cür istəyirsən, elə də olsun.

 

Zindanban açarı çıxartdı, qapını açdı, xanım, qaravaş içəri daxil olub, qapını örtdülər. Zindanban çəkilib, bir tərəfdə durdu.

Qapının səsinə Əhməd çevrilib gördü, paho, budu bir cüt nazənin sənəm gəlir, deyirsən, on dörd gecəlik aydı, buludun altından çıxıb. Qızlar ona yaxınlaşıb, salam verdilər.


 
Əhməd zəndlə baxıb yəqin elədi ki, xeyr, bunlar nə huridi, nə də pəridi, lap insandı ki, var.

Pəri Soltan xanım gülə-gülə Əhmədə dedi:

– Oğlan, adın nədi?

– Xanım, mənim adım Əhməddi, özüm də filan dərzinin şagirdiyəm. Bizə görə nə qulluğunuz var?

– Əhməd, hələ qulluq sonrakı məsələdi. Sən bir dərzi şagirdi, fağır adamın birisən. Mənə düzünü de görüm səni bura nə üçün salıblar?

 

Əhməd bütün əhvalatı başdan-ayağa Pəri Soltana nağıl elədi.

Pəri Soltan əhvalatı Əhməddən eşidəndə ürəyi şan-şan olub dedi: 
– Əhməd, niyə yuxunu açıb biryolluq canını qurtarmırsan? 
Əhməd dedi:
 
– Xeyr, xanım, ölsəm, yenə də yuxunu açmayacağam. Açsaydım, elə əvvəldən açardım.

 

Pəri Soltan Əhmədin bu kişiliyinə təəccüb eləyib, öz ürəyində “afərin” dedi. Məhəbbəti ona bir idisə, min oldu.

...Hər gün Pəri Soltan Əhmədə baş çəkir, yemək göndərir, davadərmanla yaralarına məlhəm qoydururdu.

 

Əhməd Pəri Soltanın bu rəftarına məəttəl qalmışdı. Day yazıq nə bilirdi ki, Pəri Soltanın ürəyində nə var?

Bir gün zindanban izin alıb dedi:

– Xanım, zindanın dibindən sarayın otaqlarından birinə qapı açaram. Bu yazığı ora apararıq. Yaralarına məlhəm qoymaq, sağaltmaq orda daha rahat və asan olar.

Pəri Soltan bir qədər fikirləşib dedi:

– Onda sən qapını aç.

 

İki saat tamam olmamış zindanban qapını açıb hazır elədi.

Pəri Soltanla qaravaş hərəsi bir tərəfdən Əhmədin qoluna girib apardılar o biri otağa. Əhmədin bədəninə təzədən məlhəm qoyub, yaxşıca sarıdılar.

Pəri Soltan dedi:

– Əhməd, mən Şah Abbasın qızı Pəri Soltanam, bura da mənim otaqlarımdan biridi.

 

Əhməd yeyib, içib günü-gündən gözəlləşirdi. Pəri Soltanın da məhəbbəti günü-gündən artırdı.

 

Elə bu vaxt Firəng padşahından Şah Abbasa elçi gəlib qızı Pəri Soltanı oğluna istədi. Şah Abbas razı olmayıb, elçini geri qaytardı. Bir neçə gün keçmişdi, səhər durub gördülər nə? İsfahanın dörd tərəfini qoşun bürüyüb. Firəng padşahının vəziri Şah Abbasın yanına adam göndərib dedi:

– Mən Firəng padşahının vəziriyəm, gəlmişəm qızının elçiliyinə. Əgər verməsən, mən qırx cavan oğlanla cavan qız gətirmişəm. Onların qırxı da bir boyda, bir sifətdə, bir yaşda. İyirmisi oğlandı, iyirmisi də qızdı. Elə bir adam tap ki, onlara əl vurmamış, oğlanları, qızları bir-birindən ayırsın. Yoxsa sənin torpağını at torbasında daşıdaram.


Şah Abbas vəziri, vəkili yığıb məsləhət istədi. Hərə bir söz dedi. Axırda Allahverdi xan izin alıb dedi:

– Qibleyi-aləm sağ olsun, biz dava eləməmiş, qan tökməmiş, qızımızı kəcavəyə qoyub yeddi illik baci-xəracnan Firəng padşahının oğluna göndərə bilmərik. Namussuz yaşamaqdansa, namuslu ölmək daha əfzəldi. Hələlik dava eləyib nahaq qan tökməyək, görək bu qıznan oğlanları tanıyan bir adam tapa bilərikmi? Əgər bu yolnan qurtarmasaq, onda ölüncən vuruşarıq. Pəri xanımı aparsalar da, qoy biz öləndən sonra aparsınlar.


Hamı – əyan-əşrəf vəzir Allahverdi xanın rəyini bəyənib “əhsən” dedi. Şah Abbas car çəkdirdi, nə qədər İsfahanda adam var idi, böyükdən kiçiyə yığdılar divanxananın qabağına. Hamı öz baxtını sınamaq istədi, amma heç bir nəticə hasil olmadı.
Şah Abbas zindanbanı çağırtdırıb, Əhmədi istədi. Vəzir Allahverdi xan əhvalatı Əhmədə nağıl etdi. Əhməd dedi:

– Qibleyi-aləm, mən bu məsələni açmazdım, çünki məni nahaqdan çox incidibsən, amma yenə də qeyrətim yol vermir. Mən bu bəlanı İsfahan şəhərinin üstündən rədd edəcəyəm, ancaq bir şərtnən. Gərək qızın Pəri xanımı mənə verəsən, ondan sonra bu məsələni açam.

Şah Abbas Əhmədi bir qədər o yana-bu yana çəkib, axırda razı oldu. Əmr elədi Əhmədə faxır libas geyindirdilər, məclis qurulub Pəri xanımın şərbətini içirdilər. Ondan sonra Əhməd durub Şah Abbasa təzim edib, ərz elədi:

– Şah sağ olsun, indi buyur həmin cavanları da, Firəng padşahının vəzirini də qonaq çağırsınlar. Mən orda oğlanlarnan qızları bir-birindən ayıraram. Özü də əl suyunu mən özüm hazırlayıb, özüm də tökəcəyəm.

 

Əhməd zindanbanla qayıtdı zindana. Ertəsi gün meydana gəlib o saat qaydaynan suyu hazır elədi. Ondan sonra həmin qırx cavanı düzdü evin bir tərəfinə. Vəzir Allahverdi xanı qoydu bu qırx adam oturan cərgənin başına, əl suyunu tökməyə başladı.

 

Elə ki su vəzir Allahverdi xanın əlinə dəydi, gördü su istidi, ancaq ar eləyib əlini çəkmədi. Elə ki oğlanlara növbə yetişdi, onlar da əllərini çəkmədilər. Amma qızların əllərinə su düşən kimi əllərini çəkdilər. Hər kim əlini çəkdi, o saat Əhməd onu durğuzub Firəng padşahının vəzirinin cərgəsində oturdurdu. Belə-belə qızların iyirmisi də seçilib, o biri tərəfə getdilər. Qurtarandan sonra üzünü Allahverdi xana tutub dedi:

– Xan, sənin başındakılar kişidi.

Firəng padşahının vəzirinə dedi:

– Sənin başındakılar isə qızlardır.

 

Qonaqlar çörəklərini yeyib, suyu süzülmüş kimi düşdülər yola.

Bunlar o yana gedən kimi Şah Abbas Əhmədi çağırtdırıb dedi:

– Qızımın nişanlısısan, bu öz yoluynan, dustaqsan, bu da öz yoluynan, indi söylə görüm, yuxu nə idi?

– Şah sağ olsun, mən də köhnə Əhmədəm, öz yolumnan gedirəm, nə bilirsən elə.

Pəri Soltan Əhmədin bədəninə məlhəm qoyub sarıdı. Bunları burada qoyum, sizə kimdən xəbər verim, Firəng padşahından. O, əhvalatı bilib oğluna dedi:

– Heç fikir eləmə, bu dəfə elə bir şey göndərərəm ki, daha onu açan olmaz.

 

Firəng padşahı bir kağız da öz dilindən Şah Abbasa yazdırıb, üç at da vəzirə verib, yenə İsfahana qaytardı. Vəzir naməni götürüb Şah Abbasın hüzuruna gəldi.

 

Şah Abbas da Allahverdi xana işarə elədi ki, naməni oxusun. Vəzir Allahverdi xan naməni ucadan oxumağa başladı: “Ey Şah Abbas, bu namə sənə çatan kimi ya qızın Pəri Soltanı kəcavəyə qoy, yeddi ilin baci-xəracıynan və cehizləriynən mənim oğluma göndər; ya da üç at göndərmişəm, üçü də bir boyda, bir buxunda, bir rəngdə, bir çəkidə. Onlardan biri biryaşardı, biri ikiyaşardı, biri də üçyaşardı. Tanıyarsan görüm biryaşar hansıdı, ikiyaşar hansıdı və üçyaşar hansıdı. Əgər bunları yerinə yetirə bilməsən, o vaxt hazır ol, davamız davadı. Sənin üstünə o qədər qoşun töküm ki, göydə ulduzların sayı olsun, qoşunun sayı olmasın”.

Şah Abbas üzünü tutdu elçilərə və dedi:

– İndi siz azadsınız, üç gündən sonra sizə cavab verərik.


Firəng padşahının vəziri getdi. Şah Abbas üzünü məclisə tutub dedi:

– Söyləyin görək, nə tədbir etməliyik.

 

Şah Abbas Firəng padşahının vəzirinə xəbər göndərdi ki, biz atları taparıq, əgər tapmasaq, davamız davadı. Sizə verən Allah bizə də verər...

Atlar çəkdirildi meydana. Bütün İsfahanın əhli üç günün müddətində bir-bir ata baxıb baş aça bilmədilər. Axırda vəzir Allahverdi xan izin alıb dedi: – Qibleyi-aləm, biz niyə belə fikrə gedirik? Əhmədi gətirək, o, buna, bəlkə, əlac elədi.

Zindanban Əhmədi götürüb gəldi.

 

Əhməd dedi:

– Qibleyi-aləm sağ olsun, mən bu işi düzəldərəm, amma yenə də bir şərtim var. Pəri xanımla kəbinimizi kəsdirin...

 

Şah Abbas bildi ki, Əhməd ölər, sözündən dönməz. Buna görə Əhməd tərəfdən vəzir Allahverdi xan, Pəri Soltan tərəfdən də vəkil Şah Abbas özü oldu. Kəbin kağızına hər iki tərəf qol çəkib öz möhürü ilə möhürlədi. Sonra da üləmalar qol çəkib, möhürlərini vurub kağızı Əhmədə verdilər.

Əhməd Şah Abbasa dedi:

– Qibleyi-aləm sağ olsun. Firəng padşahının adamlarına de ki, sabah tezdən atları gətirsinlər meydana. Mən də gələrəm ora. Siz də əmr eləyin, həmin yerdə bir qab süd, bir qab arpa, bir az da yonca hazır olsun. Sonra mən atları tanıyaram.
Şah Abbas car çəkib bütün İsfahanı işdən xəbərdar eləmişdi. Ona görə tamam İsfahan əhli də böyükdən kiçiyə meydanda idi. Fərraşlar bir qab süd, bir torba arpa, bir bağ da yonca hazır eləyib meydanın bir yerində qoydular. Atlar arpanı, südü və yoncanı görəndə üçü də dartınıb az qaldı mıxları çıxartsınlar. Əhməd də lap başa südü, sonra yoncanı, sonra da arpanı qoydurmuşdu.

 

Əhməd atların özünü yeyib tökməsini görəndə bildi ki, acdırlar. Ona görə əmr elədi, atları açdılar. Üçyaşar at açılan kimi özünü saldı arpanın üstünə.

 

İkiyaşar at südün yanından keçib başladı yoncanı yeməyə, biryaşar at da özünü südün üstünə salıb, başladı xorhaxornan içməyə.

 

Əhməd bunları görəndə gülə-gülə atların qabağına keçib dedi:

– Bax, arpa yeyən bu at üçyaşardı. Ondan ötüb yonca yeyən ata yaxınlaşdı. – Bu ikiyaşardı. Sonra süd içən atı da göstərdi. – Bu da biryaşardı.

Firəng padşahının vəziri təsdiq edib dedi:

– Düzdü.

 

Camaat bu sözləri eşidəndə yerbəyerdən hamısı Əhmədə əhsən deyib, ona dua edə-edə dağıldılar.

Firəng padşahının vəziri yenə bikef, məlul, qoşunu da götürüb suyu süzülə- süzülə düşdü yola.

Şah Abbas yenə əmr elədi. Əhmədi falaqqaya bağladılar. Əhmədi bir yaxşı döyüb göndərdilər zindana.

 

Firəng padşahı on gün qoşuna istirahət verdi. On gündən sonra təzədən səfər tədarükü görülüb köç təbili vuruldu. Firəng padşahı gətirib vəzirə üç alma, bir də bir kağız verib dedi:

– Bunları Şah Abbasa verərsən.

 

İsfahan əhli Firəng qoşununu gördü, o saat bildilər ki, iş nə üzdədi. Elçi kağızı Şah Abbasa çatdırdı:

 

“Ey Şah Abbas, bu namə sənə çatan kimi qızın Pəri Soltanı yeddi ilin baci-xəracıyla və cehiziylə göndərərsən mənim oğluma. Əgər göndərməsən, ya gərək bizlə dava edəsən, ya da sənə üç alma göndərirəm. Biri builki, biri bildirki, biri də inişilkidi. Taparsınız görüm inişilki hansıdı, bildirki hansıdı və builki hansıdı”.

Üç gün idi ki, İsfahan əhli gəlib almaya baxırdı. Şah Abbas üzünü tutub vəzir Allahverdi xana dedi:

– Vəzir, ta mənim torpağımda bir şəxs qalmayıb bu sirri açıb düşməni bizim başımızdan rədd eləsin?

Vəzir Allahverdi xan cavab verdi:

– Şah, yenə bir nəfər var, o, bu işə çarə edər. O da Əhməddi.

– Əgər biz bu dəfə də Əhmədi gətirsək, o deyəcək, gərək qızın toyunu eləyib mənə verəsən, ondan sonra mən almaları tapım. Mən də ki qızımı dərzi şagirdinin birinə verə bilmərəm.

 

Padşahlar içində rüsvay olub, başım aşağı olar.

Vəzir Allahverdi xan gülüb dedi:

– Qibleyi-aləm sağ olsun, Əhməd kimi bir ağıllı, qoçaq oğlanla qohumluq adama başaşağılığı deyil, başucalığı gətirər.

Şah Abbas gülə-gülə dedi:

– Vəzir Allahverdi xan, əhsən sənin dediyinə, sən düz deyirsən. Əmr elə, Əhmədi gətirsinlər, lap özü deməsə də, Pəri Soltanı verəcəyəm ona. Onu nahaqdan döyüb çox incitmişəm.

Vəzir Allahverdi xan o saat sifariş elədi zindanbana:

– Əhmədi izzəti-calalnan gətir hüzura.

Zindanban Əhmədi gətirdi. Şah Abbas üzünü Əhmədə tutub dedi:

– Arvadın Pəri xanımı Firəng padşahı istəyir, özü də üç alma göndərib: biri builki, biri bildirki, biri də inişilkidi. Gərək onları tanıyasan.

 

Yoxsa ya Pəri Soltan xanımı aparacaqlar, ya dava eləyəcəklər. İndi o almaları tanıya bilərsənmi?

Əhməd ədəblə dedi:

– Bəli, qibleyi-aləm sağ olsun, tanıyaram, ancaq gərək əvvəlcə toy edib Pəri xanımı mənə tapşırasınız, ondan sonra almaları tanıyaram.

Şah Abbas gülüb dedi:

– Sən deyən olsun.

 

Bütün İsfahanı çıraqban eləyib qırx gün, qırx gecə toy eləməyə başladılar. Qırx birinci gün Şah Abbas Pəri Soltanın əlindən tutub ikisinin də alnından öpdü, hər iki aşiqi bir-birinə tapşırdı.

 

Səhəri Əhməd calalla meydana gəlib gördü Şah Abbas, Vəzir Allahverdi xan, başqa vəzir-vəkillər və Firəng padşahının vəziri oturub onu gözləyirlər.

Əhməd bu cür gizli sirlər açmağı beş barmağı kimi bilirdi. Odu ki, ürəkli idi. Şah Abbasa hörmətlə baş endirib, dedi:

– Atayi-mehribanım, əmr edin üç qab su gətirsinlər.

 

Üç qab su gətirdilər. Əhməd qabları meydanın ortasına yan-yana düzüb, hər almanı bir qabdakı suya atdı. Gördülər, almalar suya düşən kimi biri suya batdı, qabın lap dibində durdu, birisi gah suya batdı, gah da üzə çıxdı. O birisi isə suyun üzündə ipək kimi o tərəf-bu tərəfə üzdü. Əhməd əmr elədi, qulamlar qabların üçünü də götürüb Şah Abbasa, bütün əyan-əşrəfə, vəzir- vəkilə və camaata göstərdilər. Ondan sonra gətirib qoydular Firəng padşahının vəzirinin qabağına. Sonra Əhməd üzünü məclisə tutub dedi:

- Bax o lap batan builkidi, çünki o, hələ təzədi, boyda o biriləri ilə bir olsa da, suyu çəkilməyib, ona görə də ağırdı. O birisi ki gah batıb, gah da çıxır, o da bildirkidi, çünki onun da suyu çəkilib, amma yenə də bir az vaxtı qalıb.

 

Amma o alma ki elə saman kimi üzündə qalıb, o inişilkidi, onun suyu elə çəkilib ki, quruyub qov kimi qalıb. Ona görə də suya batmır.

 

Ondan sonra hamı Əhmədə dua edə-edə öz evinə getdi.
Bu əhvalatdan bir müddət sonra Şah Abbas Pəri Soltana qonaq getdi. Bir çox otaqlardan keçib Pəri Soltan xanımın xüsusi istirahət otağına çatdı. İçəri girəndə gördü Əhməd uzanıb, Pəri Soltan da onun başının üstündə oturub. Bunlar Şah Abbası gördülər, həya eləyib tez yerlərindən qalxdılar. Pəri Soltan xanım qaçıb pərdənin dalında gizləndi.

 

Əhməd qahqah çəkib güldü.

Şah Abbas Pəri Soltanı pərdə arxasından çıxarıb, hər iki övladının üzündən öpüb dedi:

– Əhməd, söylə görüm, mən qapıdan girəndə Pəri Soltan niyə qaçıb gizləndi, sən niyə qah-qah çəkib güldün?

Əhməd gülə-gülə dedi:

– Atayi-mehribanım, ürəyin şad olsun, çünki o yuxu ki, mən görmüşəm, zahir oldu, ona görə qah-qah çəkib güldüm. İndi daha açıb deyə bilərəm. Çünki bu günü gözləyirdim.

 

Qibleyi-aləm, onda mən yuxuda gördüm ki, bir ay mənim başımın üstündə doğdu, birdən bir qara bulud gəlib onu aldı. İndi həmin yuxu zahir oldu. Pəri xanım ay, sən də buludsan.

 

Şah Abbas gülüb Əhmədin ağlına əhsən dedi. Hər üçü – ata, bala, damad bir yerdə çörək yeyib, mətləb və muradlarına çatdılar. Allah sizi də mətləb və muradınıza çatdırsın.