Xəbərlər

31 May – Ümumdünya Tütünlə Mübarizə Günüdür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan etibarən hər il dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün qeyd olunur.

 

Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasını ratifikasiya edib. Bəşəriyyət XXI əsrin əvvəllərindən başlayaraq daha bir problemlə – ağciyərin xroniki xəstəliklərinin kəskin artması ilə üz-üzə qalmışdır. Ekologiyanın pisləşdiyi, qlobal tütün epidemiyasının genişləndiyi bir şəraitdə bu növ xəstəliklər təkcə sürətlə yayılmır, həm də bu səbəbdən ölüm halları kütləvi şəkildə artır. 21 may 2003-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı Assambleyası bütün dünya dövlətlərinin tam hüquqlu nümayəndələrinin işləyib hazırladıqları Tütünə qarşı Mübarizə üzrə Çərçivə Konvensiyasının bitmiş mətnini təsdiq etdi. Konvensiya 2003-cü il iyunun 30-dan 2004-cü il iyunun 29-na qədər BMT-nin NyuYorkdakı mənzil qərargahında bütün dünya dövlətlərinin imzalaması üçün açıq idi. Bu müddətdə sənədi dünyanın 167 dövləti imzaladı.

 

Bu gün onların sayı 192-yə çatır və bu sırada Azərbaycan Respublikası da var. Çərçivə Konvensiyasının iştirakçı dövlətləri, həmçinin Azərbaycan öz üzərinə bir tərəfdən tütün məhsullarına tələbatın və istifadəsinin azalması ilə digər tərəfdən isə tütün məmulatlarının idxalına nəzarətlə bağlı siyasət və qanun işləyib hazırlamaq və qəbul etmək öhdəliyi götürmüşlər.