Nağıllar, hekayələr

Mir Cəlal. Bahar

(“Bir gəncin manifesti” əsərindən)

Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli adam, döyükən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi:
-Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən... Razısanmı?


Bahar şəhərdə qalmaq, qardaşını tapmaq həvəsi ilə, həm də belə “mehriban” adama rast gəldiyini güman edib razı oldu:
- Nə deyirəm!
Tüfəngli Baharı daş yoluna tərəf gətirdi, bir arabaçıya tapşırdı:
- Atama çatdır bunu, deynən görsün yararmı?


Səhər arabaçı onu şəhərə, qəssab Məşədi Abbasın dükanına gətirdi. Arabaçı birtəhər adamları aralayıb Məşədi Abbası çağırdı:
- Məşədi əmi, bu gədəni İsfəndiyar göndərib...
Məşədi:
- Gözləsin! – dedi.


Bahar günortayadək gözlədi, çox acmışdı... Qəssab müştərilərdən baş açandan sonra Baharı dükana çağırdı. Hansı kənddən, kimin oğlu olduğunu, nə iş bacardığını soruşdu...

 

Bahar payızın ilk aylarını Məşədi Abbasın yanında işlədi. Sallaqxanadan şəhərə daşınan ət daşqasının boynunda oturar, atın cilovunu əlinə alıb şəhərə sürərdi. Axşam isə tövlədə, yanında yatdığı daşqa atına qulluq edərdi.


Məşədinin bütün xırda dükan və ev işini Bahar görürdü. Məşədi axşama qalan və köhnələn içalatı səbətə doldurub Bahara verərdi. Çiynindən tutub itələrdi:
- Bunları sat! Satmamış qayıtma! Hamısını satsan, sənə bir abbası fındıq pulu verəcəyəm.
Bahar küçələrin soyuq palçığını ayaqlaya-ayaqlaya küçə qapılarını gəzib həzin və saf uşaq səsi ilə çağırardı:
- Ciyər alan, ay ciyər alan!...

Bu yerlərdə az təsadüf edilən şaxtalı qış günlərindən biri idi. Yer donmuşdu, ayaz kəsirdi. Bahar isə köhnə çarıqla, yalınqat, qədək paltarla qəssab dükanının qapısında əsim-əsim əsirdi.


Məşədi Baharı qapıdan qovmuşdu...


Soyuqlar düşəndən, qış girəndən bəri Bahar içalat sata bilmirdi. Beş addım gəzəndən sonra daldey bir həyət tapıb qızınırdı. Ev qadınlarına yalvarıb ocaq başında dayanırdı. Ona görə evə qayıdanda xozeyini onu döyürdü.


Bu gün uşağa yeni bir fəlakət üz verdi. Qarınların birini sata bilməmişdi. Qorxudan qayıda bilmir, döngədə sallaya-sallaya əlində aparır və müştəri çağırırdı. Qəfildən bir qara it qarını alıb götürüldü. Divarı bayaq aşıb bağlar arasında yox oldu...


Bahar bunu söyləyəndə Məşədi Abbasın gülməyi tutdu:
– Dünən yumurtadan çıxan cücənin mən yekəlikdə kişiyə kələk gəlməyinə bir baxın!
Əlini Baharın ciblərinə salıb axtardı, sonra qoltuğuna baxdı:
– Neyləmisən, – dedi, – bir manatın yerini de! Nəyə verib yemisən, düzünü de!
Uşağın dil-dodağı tutuldu, altdan yuxarı baxan qara məsum gözləri böyüdü. And-aman elədi ki, it aparıb. Qəssab onun qolundan tutub eşiyə itələdi:
– Get, bir manatı gətir, sonra gəl!
Bahar kağız kimi ağardı. Xözeyininə tərəf baxdı. Məşədi Abbas bu baxışlara və göz yaşlarına cavab olaraq içəridən dilləndi:
- Buralara ayaq bassan, meyitini qoyaram!


Bahar qorxusundan cınqırını çəkmədi. Küçəyə çıxdı. Lakin küçədə dayanmaq olardımı? Soyuq adamı qılınc kimi kəsirdi.
Qorxa-qorxa bir də ağasının dükanına gəldi. Qapını bir də cırıldadıb arasından baxdı.


Sanki ağasından, heç olmasa, qonşuların birindən mərhəmət diləyirdi. Məşədinin məşəl kimi yanan gözləri uşağa sataşanda oğluna işarə verdi: “Gör pulu gətirdi?” Qəssabın oğlu Baharın qabağını kəsib soruşdu:
–Manatı gətirdin?
Bahar yalvardı:
–Məşədi ağa, qardaşım gələndə alıb verərəm...


Qəssab irəli keçib qapını basdı. Baharı eşiyə saldı. Bahar isti otaqdan qalxan buğun içindən buz döşəməyə düşəndə başından bir vedrə su töküldüyünü güman etdi. Soyuğun şiddətindən özünü itirdi, bilmədi nə etsin. Şaxta elə bil iliyinə işləyirdi. Bahar özünü hamamın dəhlizinə saldı.


Dəhliz də soyuq idi. Ancaq içəri qapı açıldıqda isti hava buğ kimi dəhlizə vururdu. Bahar özünə təskinlik verdi, əlində bağlama yuyunmağa gələnlərə qarışıb içəri girdi. Fürsət tapıb pişik kimi səssizcə səkiyə çıxdı, səki isti və rahat idi. Xeyli vaxt belə keçirdi. Lakin onu görən oldu. Hamamçı maşa ilə Baharı böyründən bizləyib deyirdi:
– Ədə, ehey, həmşəri! Düş, nə soxulmusan bura? Çıx!


O, başıaşağı qapıya tərəf yeridi, məhkum qılınca baxan kimi, eşiyin, qış gecəsinin ayazına baxdı. Sonra geri döndü. Onu təqib edən olmadığını görüb dayanmaq istədi, duruxdu, mərhəmət uman məzlum baxışları ilə adamların üzünə baxdı. Heç kəsin bir söz demədiyini gördükdə sevinib içəri sürüşdü, küncə qısıldı.

Bığı xınalı kişi buğlana-buğlana hamamdan çıxanda Baharı dəhliz ağzında görüb ucadan dedi :
– Kəblə Qurban, hərif burada dayanıb ha!
Kəblə Qurban başmaqlarını yeyin-yeyin şaqqıldadaraq dəhlizə tərəf gələndə Bahar yalvardı:
– Vallah, yerim yoxdur. Soyuqdan ölürəm, qoy burada durum, əmi, sən Həzrət Abbas!
Kəblə Qurban Baharı itələyib çölə saldı:
- Rədd ol burdan, Həzrət Abbas qənimin olsun!


Səkinin istisində canı yumşalan Bahar, qışın kəsərli soyuğuna düşəndə elə bil ürəyinə xəncər sancıldı, içindən ufuldadı. Özünü itirdi.


Bahar başını qaldırıb göyə baxdı, tamam qaranlıq qovuşduğunu, qış gecəsinin qorxu kimi hər yanı, işıq gələn hər yeri basdığını görəndə vücuduna ilan kimi soyuq və müdhiş bir vahimə yeridi, ürəyi bala quş kimi döyündü, başı gicəlləndi. Addımlarını atdı, harasa tələsmək istədi.


Yeridi, yeridi, qəssabxanadan uzaqlaşa bilmədi. İndi onun bütün damarları sancır, qulağı qəribə uğultu ilə tutulurdu. Uşağa elə gəlirdi ki, ayaqlarını qandallamışlar, topuqlarının hər birindən ağır daşlar asılıb.


Son ümidlə özünü xozeyinin qapısına saldı. Qorxa-qorxa qapını döydü. Həyətdə qarı ayaqlayan addım səsi eşidəndə uşağın sönən ümidlərinə sanki həyat işığı saçıldı. Xanım mitili – Baharın köhnə yorğanını eşiyə atdı:
–İtil, hansı cəhənnəmə gedirsən, get!
Bahar inana bilmədi:
–Gecənin bu vaxtında, boranda hara gedim?! Ay xanım, qurban olum, mənim yerim yoxdur. Xanım, sən bilirsən ki...


Xanım qapını elə bərk çırpıb dəmirlə bərkitdi ki, deyərdin oğrudan, quldurdan qorunur. Baharın sözü ağzında qaldı. Boş və boran uğuldayan qaranlıq küçədə qar içinə bata-bata uşaq bazara sarı yönəldi. O, tufana düşən yarpaq kimi əsirdi...


Sanki Baharı iynəli yorğana bürüyürdülər. Elə bir yorğana ki, tikan kimi əzablı, hamam kimi isti.

 

Bahar əlini atıb gözünü örtən ağır yorğanı qaldırmaq istədi... Qol yerindən quru bir ağac sallandığını duyub anlaya bilmədi. Onu bildi ki, gözlərinə də, başına və dodaqlarına da batan iynə çox uzun və itidir. Bunun kim tərəfindən, nə üçün edildiyini anlamadı... Tərpənmək istədi, onu sanki yerə mıxlamışdılar.


Anasını xəyalına gətirdi.
– Ana, ay ana!...
Cavab gəlmədi. Hər şey susurdu...


Bir neçə saat sonra boran seyrəlmiş, səhər açılmışdı. Hər şey öz qaydasında idi. Xozeyinlər xəz paltolar, Xorasan kürkləri, dəri papaqlar, yun corab və qaloş geyinərək səhər çayından sonrakı ilk papiroslarını tüstülədə-tüstülədə isti evlərinin qapılarından nəzakətlə çıxır, dükanlarına gedirdilər. Qolu çirməkli məşədi çapacağını itiləyərək erkəkləri şaqqalayır, əlinə gələn yağlı budlardan, qapısında qaynaşan müştərilərdən ruhlanaraq qazanc mahnısını oxuyurdu...


Konka yolunun qarını kürüyənlər bir uşaq meyiti tapdılar. Donmuş, taxtaya dönmüşdü. Buzlamış saçları üzünə yapışmışdı. Bütün sifəti buz qatı ilə örtülmüşdü. Qolları qoltuqlarına bükülüb qalmışdı. Baxanların ürəyi xarab olurdu. Yiyəsiz bir uşaq olduğu ilin bu vaxtında əynindəki qədək paltardan bəlli idi. Ona görə yiyəsini axtarmadılar, qəriblər qəbiristanına apardılar...