Şeirlər

Samuil Marşak. “Usta tikər - usta sökər”

Tərcüməçi Teymur Elçin


 
Öyrənməklə aram yox,
Öyrətməyə varam çox.
Məşhur usta - bilgərəm,
Dülgərəm mən, dülgərəm!
 
Xırdı-xuruş işlərə
Girişmərəm boş yerə.
Bir yaxın gəlin, yaxın,
Bufet qayırım, baxın!
 
Bufet düzəldim sizə -
Yaşını vursun yüzə.
Ağac yonum, sıyırım,
Təzə rəflər qayırım.
 
Üst rəf qurtaran təki
Düzün fıncan, nəlbəki.
Alt rəf geniş olacaq –
Yığın iri qab-qacaq.
 
Ortadakı rəfləri
Şüşə qablar tutacaq.
Yığılacaq qutuya
Qaşıqlar, çəngəl-bıçaq.
 
Ev lap dülgərxanadır,
Əl atsam, hər şeyim var:
Balta, kəlbətin, mişar,
İki burğu, məngənə.
 
Çəkic,
Rəndə,
İskənə.
 
Taxtalarım tərtəmiz,
Sözümə inanın siz:
Sabahacan hər şeyi
Hazır görəcəksiniz!
 
Mişar
Zingildədi bərk,
Vızıldadı
Arıtək.
 
Taxta heç kəsilməmiş,
Heç bölünməmiş yarı,
Məngənəyə saldılar
Elə bil ki, mişarı.
 
İtələdim qabağa,
Yerimdə tərs ağa.
Elə ki, çəkdim geri –
Xırçıldadı dişləri...
 
Bufet düzəlmir daha.
Kətil qayırım, a-ha!
Ayaq üstdə düz durar,
Taxtası təmiz, hamar.
 
Balta düşmür əlimdən,
İndi əsl dülgərəm.
Adım-sanım var mənim,
Bu işdə mən bilgərəm.
Görüb heyran qalacaq
Bütün dostlar, qohumlar.
Bir, iki –
Oduna.
Üç, dörd –
Buduma.
 
Gah oduna,
Gah buduma
Dəydi balta.
Sonra da avara
Girdi divara.
 
Balta bölündü yarı,
Alnımda qaldı yeri.
 
Nəyimə gərək kətil?!
Düzəldərəm çərçivə.
Ona salarıq şəkil.
 
Babamda bir şəkil var,
Nənəmin anasından
Qalıb ona yadigar.
Amma baxmışam evə,
Yoxdur yaxşı çərçivə.
 
Beş-on mismar götürdüm,
Dörd taxta tapdım - ensiz;
Mətbəxdəki yapışqan
İşsiz qalmışdı mənsiz.
 
Çərçivəmin olacaq
Rəngi qızılı, par-par,
Amma pisdir yapışqan,
İsti qurudub yaman.
Onsuz da keçər işim,
Ürəyimi sıxmaram;
Taxtaları mıxlaram.
Mənim qəşəng çərçivəm
Olar daha da möhkəm.
 
Çəkici vuran kimi
Mismar yerində qaldı,
Qıvrıldı ilan kimi.
 
Başqa mismarı vurdum,
Əyilib yaya döndü.
 
Üçüncünü döyürdüm:
Papağı у ana endi.
 
Nə pisdir mismarlarım –
Vurmaq da olmur ban.
Odur, bu günəcən, bil,
Çərçivə hazır deyil...
 
Düşmürəm heç həvəsdən,
İşimi bilirəm mən.
Yaxşı yanar soyuqda
Doğranmış taxta-tuxta.
 
Tikanlı tilişkələr
Yandıqca səs-küy elər
Qış günü sobalarda.
Taxtalar xırda-xırda,
Alışar samovarda,
İçinə yanğın düşər,
Uşaqlarsa gülüşər:
-     Get, get, a dülgər bala,
-     - Samovarı tez qala.
 
Demə usta – tikərsən,
Bil, sən usta – sökərsən.