Təbiət

Göbələklər haqqında maraqlı məlumatlar

Göbələkləri öyrənən elm mikologiya adlanır. Dünyada göbələklərin 1,5 milyona qədər növü qeydə alınıb.


Göbələklərdə xlorofil, nişasta olmur. Onların hüceyrəsində bir və ya bir neçə nüvə olur, yəni eukariotdurlar. Onlar mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. Göbələklər əsasən kosmopolitan orqanizmlərdirlər ki, onlara hər yerdə rast gəlmək mümkündür. Göbələklər bəzi xüsusiyyətlərinə görə bitkilərə (daim böyüməkləri, sporlarla çoxalmaları, qidanı sormaları), bəzi xüsusiyyətlərinə görə isə heyvanlara (xitin və melaninə malik olması) bənzəsələr də onlar nə bitki nə də heyvandır. Ona görə onları ayrıca aləm kimi təsnif edirlər.


Göbələklərin əsas xarakterik əlamətləri bunlardır:


Göbələklərin əksəriyyəti kökü əvəz edən mitseli, gövdə və papaqcıqdan ibarətdir.


Onların hamısı sporla çoxalır.


Papağın alt hissəsində sporangilər yerləşir.


Göbələklər çox vaxt tumurcuqlanma yolu ilə çoxalır.


Göbələklərin ömrü çox deyil.


Göbələk kölgəsevən canlıdır.


Göbələklər xloroplastlardan məhrumdurlar və heterotrof canlıdır. Bu səbəbdən də onlar enerji mənbəyi kimi hazır üzvü birləşmələrdən istifadə edirlər.


Göbələklər vakuollar və hüceyrə divarına malikdirlər.


Göbələklərdə hüceyrə divarı xitin və qlükandan təşkil olunub.


Göbələklər daim böyüyürlər.


Göbələklər qidalanmasına görə 3 qrupa bölünür.

 


1.Parazit göbələklər


Göbələklər hər cür mühitdə yaşamağa uyğunlaşıblar. Göbələklərin böyük bir qismi parazit həyat tərzi keçirir. Belə göbələklərdən biri də "Plazmapola - Vitikola "dır. Bu parazit üzüm yarpaqlarının üst hissəsində bitir və günəş şüalarının yarpağa nüfuz etməsinə mane olur. Parazitin inkişaf etməsi payıza təsadüf edir. Onu yalnız əhəng suyu ilə məhv etmək olar.


Daha bir növ parazit isə "Qov" göbələyidir. Bu parazit ağacın oduncağı (gövdəsi) üzərində bitir, onun kökləri ağacın daxili özəyinə yönəlir. O, ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Göbələyin alt hissəsində sporangilər yerləşir. O, tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyür və nəticədə ağacın gövdəsinin sınmasına gətirib çıxarır. Bu parazit daha çox "Çılpaqtoxumlu" bitkilərdə yayılır. Ümumilikdə götürsək parazit göbələklərə aşağıdakılar aiddir: 


Qov göbələyi
Plazmapola - Vitukola
Sürmə 
Kartof göbələyi
Çövdar mahmızı
Pas göbələyi
Dəri göbələyi

 


2.Simbiotik göbələklər


Təbiətdə parazit göbələklərdən başqa simbioz həyat sürən göbələklər də var. Belə göbələklər adətən aid olduqları ağacın yanında bitir və onunla "şərikli" həyat keçirir. Məsələn, palıd ağacının yanında palıd ağacı göbələyi, çinar ağacının yanında çinar ağacı göbələyi, şam ağacının yanında yağlı göbələk, küknar ağacının yanında sarı göbələk və s. tapmaq olar. Bu göbələklər bitki tərəfindən çətin mənimsənilən humus maddəsini mənimsəməyə kömək edir, əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazimi üzvi maddəni, oksigeni azotsuz birləşmələri kök vasitəsilə ötürür. Simbiotik göbələklərə mikoriza misal ola bilər. Mikoriza-göbələk tellərinin ali bitkilərin kökləri ilə birləşməsidir. Bu hadisə 1971-ci ildə F. M. Kamenski tərəfindən aşkar olunub.

 


3.Saprotrof göbələklər 


Göbələklərin 3/4 hissəsi saprotrofdu. Bunlara aşağıdakılar aiddir.
Papaqlı göbələklər
Pensil göbələyi
Kif göbələyi
Maya göbələyi
Göbələyin faydası


Göbələklər zülal və karbohidratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir. Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər. Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir. Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir. Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir. Bundan əlavə göbələklər xüsusi maddələr — antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir. Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir. 
Bütün bu faydalı xüsusiyyətlərlə bərabər, göbələklər kifayət qədər çətin həzm olunur və bu səbəbdən 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək olmaz.


Çoxalması
1.Vegetativ-mitselinin bir hissəsi ilə gedir
2.Qeyri-cinsi-spor və zoospor vasitəsilə gedir
3.Cinsi-İzo, hetero və ooqomiya usulları ilə

 

Yeməli Göbələklər
Göbələkərdən qidamızda da istifadə edilir və dadlı yeməklər və salatlar hazırlanır. Lakin xarici görünüşünə görə bəzi zəhərli göbələklər ilə yeməli göbələklər çox oxşayır. Ona görə də göbələklərin yığımı zamanı ehtiyatlı olmalı, yeməli göbələkləri seçməliyik. Məsələn yalançı tülkü qulağı göbələyinin papağının kənarı hamar, yeməli tülkü qulağının papağının kənarı isə dalğalı olur.
Şampinyon və solğun əzvay göbələyi də bir birinə oxşardır, lakin şampinyonda papağın altı çəhrayı rəngdə, solğun əzvayda isə ağdır.


Yeməli göbələklərə aiddir:                   
Ağ göbələk                 
Şampinyon
Qırmızı baş göbələk (ağacqovaq)
Tozağacı göbələyi   
Yağlı göbələk
Sarı-qırmızı göbələk
Yeməli tülküqulağı

 


Zəhərli göbələklər isə aşağıdakılar aiddir. Ən zəhərli göbələk solğun amanita sayılır.
Milçəkqıran
Solğun əzvay
Yalançı tülkü qulağı
Yalançı kötük göbələyi