Nağıllar, hekayələr

"Heyif, tablom korlandı"

Rəsm çəkmək üçün gözəl gün idi. Buna görə də ayıcıq Ballı ləvazimatlarını götürüb bağçaya çıxdı. Bağçada ağaclar çiçək açmış, tumurcuqlar görünməyə başlamışdı. Bu gözəl mənzərəni görəndə Ballı qərara gəldi ki, bağçadakı ağacların rəsmini çəkib otağının divarından assın. Vaxt itirmədən hazırlığa başladı: önlüyünü bağladı, molberti çəmənliyə qoydu. Ağ rəngli kətan tablonu molbertə bərkidib boyaları, fırçaları qarşısına düzdü. İndi rəsm çəkməyə başlamaq olardı. Ağaclara baxıb düşündü:

 – Hm… görəsən, əvvəlcə hansının rəsmini çəkim?
 Qarşısında dayandığı çəhrayı çiçəkli şaftalı ağacı çox gözəl görünürdü. Ballı:
 – Ən yaxşısı, bu ağacdan başlamaqdır. Şaftalını çox sevirəm, – deyib fırçanı boyaya batırdı və ağ kətanın üzərində gəzdirməyə başladı. Az sonra ağacın gövdəsi hazır idi.

Ballı çox sevinir, rəsm çəkməkdən zövq alırdı. Bir azdan Ballının tablosunda gözəl bir ağac rəsmi vardı. İşini tamamlamaq üzrə idi ki, dostu bülbül Cikcik gəldi.
 – Salam, Ballı! Nə edirsən? – soruşdu.
 Ballı işindən ayrılmadan cavab verdi:
 – Salam, Cikcik! Otağımın divarından asmaq üçün rəsm çəkirəm.
 Cikcik həvəslə qanadlarını çırpıb dedi:
 – Çox gözəl fikirdir! Otağım üçün birini də mən çəkməliyəm.
Ballı Cikciyə tərəf dönüb təsdiqlədi:
– Əlbəttə, çəkə bilərsən.


Bu ideya Cikciyin çox xoşuna gəldi. Həsədlə Ballının rəsminə baxıb dedi:
 – Amma sən çox gözəl çəkmisən. Görəsən, mən də belə çəkə bilərəm?
– Niyə də yox? Əminəm ki, sən də qəşəng çəkərsən, – deyə Ballı dostunu həvəsləndirdi.