Nağıllar, hekayələr

Əli Vəliyev. Hazır yuva

Mən sizə şahidi olduğum bir hadisəni danışmaq istəyirəm.

 

Yəqin ki, qaranquşu tanıyırsınız, yuvasını da görmüsünüz. Qaranquş elə yerdə yuva tikir ki, əl çatmasın, dəcəl uşaqlar ona toxuna bilməsin. Yuvanı qurduqdan sonra qaranquşlar burada bala çıxarırlar. İyul ayının əvvəllərində körpə balalarını boya-başa yetirib uçurdurlar.

 

Mən istirahət evində dincəlirdim. Qaldığım evin eyvanında qaranquşlar yuva qurmuşdu. Bu quşları xoşladığımdan gözümü onlardan çəkməyib uçuşlarına tamaşa eləyirdim. Birdən nə görsəm, yaxşıdır? İki sərçə öz yuvasına girmək istəyən qaranquşa hücum edib onu dimdiklədi. Sərçələrin nə etmək istədiklərini başa düşdüm. Onlar heç bir zəhmət çəkmədən qaranquşların hazır yuvalarını tutmağa çalışırdılar.

 

Çox keçmədən qaranquşlar da iki oldular. Onlar həftələrlə zəhmət çəkib qurduqları yuvadan əl çəkmir, civildəşə-civildəşə sərçələrlə dimdikləşirdilər.

 

Bu qayğıkeş, zəhmətsevər quşları dar ayaqda görəndə özümü saxlaya bilmədim. Uzun bir çubuq götürüb sərçələri qovmağa başladım.

 

Birinci dəfə idi ki, başqasının yuvasını ələ keçirmək istəyən sərçə görürdüm. Öz zəhmətləri ilə qurduqları yuvaları qoruyan qaranquşlara isə rəğbətim artırdı.

 

Qaranquşlar öz yuvalarını qoruyub saxlamaq üçün möhkəm dayanmışdılar. Zəhmət çəkib yuva qurmaq əvəzinə cikkildəməklə gün keçirən sərçələrə qarşı qəzəbimi gizlədə bilmirdim. Çubuğu yelləyə-yelləyə qışqırırdım:
- Başqalarının hazır yuvalarına göz dikib onu ələ keçirmək istəyən sərçələr! Hər kəs öz zəhməti ilə yaşamalıdır.