Xəbərlər

Beşinci sinif şagirdləri üçün keçirilən müsabiqənin qalibləri mükafatlandırılıblar

Bakı, 12 iyun, AZƏRTAC

 

Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində skreç mühitində yaradılmış layihələr müsabiqəsi keçirilib.

 

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqə 5-ci sinif şagirdlərinin skreç proqramlaşdırma mühitində yaradıcı özünüreallaşdırmasını təşviq etmək, iştirakçıların bilik səviyyəsini qiymətləndirmək, uşaqlar arasında populyarlıq qazanmış mövzu və qəhrəmanları müəyyənləşdirmək məqsədilə təşkil edilib.

 

Müsabiqə çərçivəsində 5-ci sinif şagirdləri tərəfindən yaradılmış layihələrin qiymətləndirmə meyarları ekspert komissiyası tərəfindən müəyyənləşdirilib. Müsabiqədə Bakı şəhəri üzrə layihənin həyata keçirildiyi 45 məktəbin 5-ci sinif şagirdləri iştirak ediblər. 250-dən çox şagird 300-dən çox layihə təqdim edib. Müəyyən olunmuş 4 nominasiyada 14 layihə seçilərək mükafatlandırılıb.

 

Qaliblər və onların məşqçiləri qismində iştirak edən müəllimlər müxtəlif mükafatlar və fəxri fərmanlar, bütün şagirdlər isə “İştirakçı sertifikatı” ilə təltif ediliblər.

 

Qalib layihələr “Rəqəmsal bacarıqlar” pilot layihəsinin online platformasında sərbəst nümayiş üçün yerləşdirilib.

 

Müsabiqəyə alqoritmika platformasında skreç mühitində icra olunmuş orijinal və tamamlanmış layihələr qəbul edilib. Müsabiqənin hər mərhələsi bir həftə davam etməklə iki mərhələdə keçirilib. Birinci mərhələ üçün şagirdlər 4 nominasiyada - cizgi filmi və ya interaktiv kitab, oyun, faydalı proqram təminatı və tədris resursu üzrə layihələr hazırlayıblar. İkinci mərhələdə müsabiqədə iştirak hüququ qazanmış layihələr “Alqoritmika Azərbaycan” MMC-nin metodistlərindən və proqramçılarından ibarət ekspert komissiyası tərəfindən qiymətləndirilib.

 

İştirakçılar müsabiqə üçün nəzərdə tutulmuş tapşırığı fərdi və ya komanda şəklində hazırlayıblar.