Xəbərlər

İbtidai siniflər üçün “Ağsu yay məktəbi” təşkil olunub

Ağsu şəhərinin Orta əsrlər arxeoloji turizm kompleksində “Ağsu yay məktəbi” təşkil edilib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Mental Academy” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ilk dəfə təşkil olunan yay məktəbi rayon məktəblilərinin yay tətilini səmərəli və əyləncəli keçirmələri üçün nəzərdə tutulur.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yay məktəbinə Ağsu şəhəri ilə yanaşı, Gəgəli, Ülgüc, Curuqlu və digər kənd məktəblərində təhsil alan I-IV sinif şagirdləri qatılıblar. Dərslər tanınmış müəllim-pedaqoq Gülnaz Mehdiyeva tərəfindən xüsusi hazırlanan proqram əsasında üç qrupda keçirilir. Avqustun 15-dək davam edəcək yay məktəbində dərslər həftədə 3 dəfə keçiriləcək.

 

Yay məktəbində şagirdlərin iştirakı ödənişsizdir. Proqramın mahiyyəti uşaqlara həm əyləncəli, həm öyrədici bir yay tətili bəxş etməkdir. Orta məktəbdə keçilən dərslərin təkrarı, habelə yeni mövzuların mənimsədilməsi, zehni-məntiqi tapşırıqların yerinə yetirilməsi baxımından yay məktəbinin faydası çoxdur. Yay məktəbinə qoşulan uşaqların yeni sinfə daha hazırlıqlı başlamaları onların ilboyu nəticələrinə də müsbət təsir göstərəcək.

 

“Ağsu yay məktəbi”nin təşkilatçısı, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ibtidai siniflər üçün nəzərdə tutulan dərs vəsaitləri ilə yanaşı, yay məktəbinə dəstək olan “Çinar” nəşriyyatının ana dili və riyaziyyat fənlərindən yarpaq testləri, aylıq testlər və beyin gimnastikası məntiq kitabından istifadə edilir. Müəllim-pedaqoq Gülnaz Mehdiyeva məktəblilərin istifadə etdiyi “404 məntiq” kitabının da müəllifidir.

 

“Ağsu yay məktəbi”ndə iştirak edənlərə həvəsləndirici sertifikatlar veriləcək.