Şeirlər

Süleyman Rüstəm. Təbrizli gözəllər

 

Dünyaya dəyər nazlı, siyah gözlü gözəllər,
Baldan da, şəkərdən də şirin sözlü gözəllər.

 

İlham ala bilməz o qaranlıq gecələrdən
Vicdanı təmiz, taleyi gündüzlü gözəllər.

 

Mən Təbrizi gəzdikcə dünən söylədim, ey bəxt,
Azdır belə dünyada gülər üzlü gözəllər.

 

Bir gün açar öz eşqini öz yarına məncə,
İllərlə əgər saxlasa da gizli gözəllər.

 

Hər gün məni gözlər, bilirəm, gözləri yolda,
Gəl-gəl, – deyərək əlləri nərgizli gözəllər.

 

Təbrizdən uzaqsan, bilirik, qəm yemə,
Rüstəm, xatırlayacaqdır səni Təbrizli gözəllər!