Görkəmli şəxsiyyətlər

Böyük ürəkli “balaca” adam - Çarli Çaplin

Bu adı eşidən  kimi  gözümüz qarşısında qarabığlı, gülməli, bəstəboy adam canlanır. O, köhnə, dar pencək, gen şalvar və  həddindən böyük ayaqqabılar  geyib, əlində  əsa, qıvrımsaçlı başında  həmişə eyni şlyapa var. Yanlara  çevrilmiş ayaqlarını məzəli şəkildə götürüb-qoyan bu adamın başına həmişə qeyri-adi, çox vaxt da tragikomik  əhvalatlar gəlir.


Uşaqdan tutmuş böyüyə kimi hamı Çarli Çaplini tanıyır və sevir.  Bəs onun belə şöhrət qazanmasının  sirri  nədədir? Nə üçün onun 100 il əvvəl yaratdığı ağ-qara, səssiz filmlər bu gün də insanları həyəcanlandırır?  Bu müddət  ərzində nə qədər aktyorlar gəlib-gedib, nə qədər filmlər çəkilib. Çoxlarının izi-tozu da qalmayıb. Çarli Çaplin və onun filmləri isə yaşayır.


Böyük aktyor və rejissor,  ssenarist və prodüser  Çarlz  Spenser Çaplin 1889-cu ildə Londonda, yoxsul artist ailəsində anadan olub.  Uşaqlıqdan səhnədə komik  rollarda çıxış edib.  1913-cü ildə ABŞ-ın “Kistounl” kino şirkəti ilə  müqavilə imzalayıb və  məşhur komediya rejissoru  M.Sennetin filmlərində rol alıb. Çaplinin çəkildiyi ilk film  “Çörək pulu” (1914) adlanırdı.  Elə həmin il  başında şlyapa, əlində əsa olan məşhur balaca adam ekranlarda görünməyə başlayıb.  Təkcə 1914-cü ildə o, 30-dan çox filmdə rol alıb,  yalnız aktyor kimi  deyil, rejissor kimi fəaliyyət göstərib, ilk filmlərini çəkib. 


O vaxtlar səssiz filmlər, qısametrajlı komediyalar dövrü idi.  Ekranda  şıq geyimli adamlar, gonbullar, yanğınsöndürənlər,  boksçular, gursaçlı gözəl xanımlar görünərdi.  Onlar büdrəyir, yıxılır, bir-birinə dürtmə vurur, kremli tortları bir-birinin üzünə yapışdırırdılar.  Çarli də  büdrəyir,  qəzəbli boksçu ilə döyüşür, incidilir, döyülür, amma cavabını verir, şlyapasına  krem töküb  tort düzəldirdi.  Çarli güldürürdü. Bunu heç kəs onun kimi bacarmırdı. Bəs onu onlarca başqa komik aktyordan hansı cəhətləri fərqləndirirdi? Cılız  və  zəif  olsa da, özündən daha kiçik və zəif olanları  cəsarətlə müdafiə edirdi. Bədbəxt və yoxsul olsa da,  son qəpiyini  daha yoxsul və bədbəxt adamlara verirdi. 

 

Çarli insanları sevir, uğursuzluqların qarşısında  baş əymirdi.  Bununla da milyonlarla tamaşaçının ürəyinə yol tapırdı. Sadə insanlar onu sevirdilər.  Çarlinin “uğursuzluqları” rəğbətli  gülüş doğururdu.  Axı Çarlinin yoxsulluğu onların yoxsulluğu, uğursuzluqları onların uğursuzluğu, insan ləyaqəti uğrunda apardığı mübarizə onların  mübarizəsi idi.


Çarli  Çaplin bunu  gözəl başa düşürdü.  Öz filmlərində müharibə əleyhinə çıxır,  işsizliyin doğurduğu faciəni göstərirdi. “Balaca” (1925), “Qızıl hərisliyi”(1925), “Sirk” (1928), “Böyük şəhərin işıqları” (1931), “Təzə zaman” (1935)  və “Böyük diktator” (1940) filmləri  aktyor və rejissor Ç.Çaplinin ən gözəl  filmləri sayılır.


Barışmaz mövqeyinə görə ABŞ-da təqib olunmağa başlayan Ç.Çaplin Birləşmiş Ştatları tərk edib İsveçrəyə köçür və ömrünün sonunadək orada yaşayır.


Ç.Çaplin 1977-ci il dekabrın 25-də vəfat edib. İki ay sonra tabutu məzarından oğurlanıb. Cinayətkarlar onu geri vermək üçün 600 min frank tələb ediblər. Altı aydan sonra onları həbs edir, tabutu yerinə qaytarırlar. “Balaca avaranın” son sərgüzəşti beləcə başa çatır.


Çarli Çaplinin filmlərinə tamaşa edəndə istər-istəməz düşünürsən: xeyirxah, kədərli və ağıllı kloun,  haradasan? Doğrudanmı, sənin zamanın ötüb keçib. Buna inanmaq çətindir. İnanmaq istəyirsən ki, cavanlar bəsit  döyüş filmlərindən, mənasız seriallardan bezib nə vaxtsa  Ç.Çaplinin filmlərinə üz tutacaqlar.