Xəbərlər

Uşaqların yuxu saatları nəzarətdə saxlanılmalıdır

Yuxu beyin fəaliyyəti normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyalarının azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxu insan orqanizmində gün ərzində sərf olunan enerjini bərpa edir, stresi azaldır və sağlamlığı qorumağa kömək edir. Araşdırmalara əsasən insan həyatının üçdə bir hissəsi yuxuda keçir.

 

Yuxu saatları yaş qruplarına uyğun olaraq dəyişir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva AZƏRTAC-a deyib: “Uşaqların gün ərzində 8-10 saat yatmağı vacib şərtdir. Məktəbyaşlı uşaqlarda 8-9 saat yuxu vaxtı normaya uyğundur, eyni zamanda, onlarda gərginliyin aradan qalxmasına səbəb olur”.

 

Körpələrin yuxu rejimi onların sağlam və tez böyüməsinə kömək edir. Ona görə də uşaqların yuxu saatlarını daim nəzarətdə saxlamaq lazımdır. 3 yaşa qədər olan balacaların 10-12 saat yatmağı məsləhətdir. Erkən uşaqlıq dövrü minimal fiziki fəaliyyət və daha çox yuxu müddəti ilə, böyüdükcə aktivliyin artması və yuxu müddətinin qısalması ilə xarakterizə olunur. Körpələrlə yanaşı, kiçik məktəblilərin də yuxu qaydası valideynlərin diqqət mərkəzində olmalıdır.

 

Həm tibbi, həm də psixoloji cəhətdən insan orqanizmi üçün faydalı olan yuxu saatlarının düzgün və normalar əsasında bölünməsi vacibdir.