Nağıllar, hekayələr

Küsəyənlər

Biri vardı, biri yoxdu, Çiçək adlı qəşəng bir qız vardı. O, yatmağı çox xoşlayırdı. Çiçəyin üç qoyunu var idi. Adları beləydi: Qoyun, Moyun, Oyun. Çicək həmişə qoyunları otarmağa aparanda onları otlağa buraxar, özü isə şirin-şirin yatardı.

 

Qoyun, Moyun, Oyun gizlənqaç oynamağı çox xoşlayırdı. İstəyirdilər ki, onlar gizlənsin, Çiçək də onları tapsın. Çiçək isə yatar, elə hey yatardı. 
Bir gün Qoyun, Moyun, Oyun Çiçəyin çox yatmasından bezdilər. Ondan küsüb, çıxıb getdilər gəzməyə. Çiçək şirin-şirin yatmışdı. Bir də oyandı ki, qoyunlar yoxdu. Nə qədər hayladısa, qoyunlar cavab vermədi. Başladı qoyunları axtarmağa.

 

Bir də yola çıxanda baxdı ki, Qoyun, Moyun, Oyun yola çıxıb, özləri də avtobusa minirlər. Çağırdı:
- Qoyun, Moyun, Oyun! Dayanın, hara gedirsiniz? Gözləyin, mən də gəlim. 
Avtobus siqnal verib yola düşdü. Çiçək qaçsa da, avtobusa çata bilmədi.

 

Qoyun, Moyun, Oyun avtobusda oturub, hər yana maraqla baxırdılar. Bu vaxt onlar yolda qatar gördülər. Qatar çox sürətlə gedirdi. Qatardan xoşları gəldi. Qərara gəldilər ki, qatara minsinlər.

 

Qoyun, Moyun, Oyun avtobusdan düşüb, qatara çatmaq üçün taksiyə mindilər. Çiçək isə nə taksiyə çatdı, nə də qatara. 
- Dayanın, qatar çox uzağa gedir, - deyə Çiçək onların ardınca qışqırdı. Amma qatarin fit səsindən başqa heç nə eşidilmədi.

 

Qoyunlar böyük bir şəhərə çatdılar. Şəhər elə böyük və gözəl idi ki, qoyunların ağzı açıla qalmışdı.

 

Qatardan düşən kimi ücü də birağızdan:
- Məəəəə, - deyə mələdi.

 

Şəhərdə metro qoyunların lap çox xoşlarına gəldi. 

 

Metroya minmək üçün eskalatorla düşəndə Çiçək onları tapdı. Elə çağırmaq istəyirdi ki, Qoyun, Moyun, Oyun qaçıb qatara girdilər. Çiçək yenə də onlara çatmadı. Hirslənib onların dalınca qışqırdı:
- Dəcəl qoyunlar! Dayanın...

 

Dəcəl qoyunlar metrodan çıxandan sonra gəmiyə mindilər. Çiçək bu dəfə də onları axtarıb tapsa da, yenə onlara çatmadı. Amma baxdı ki, Qoyun gəmidədi, amma Moyunla Oyun yoxdur. Çox nigaran qaldı. O, qaçmaqdan yorulmuşdu. Daha qaçmağa gücü qalmamışdı. Ona görə də oturub ağlamağa başladı. Bu vaxt Moyunla Oyun vertalyotda idilər. Onlar yuxarıdan gördülər ki, Çiçək oturub ağlayır. Vertalyotdan ona əl elədilər. Sonra üçü də bir yerə yığıldı.

 

Qoyun, Moyun, Oyun dəcəl olsalar da, Çiçəyi çox istəyirdilər. Onlar Çiçəyin ağlamasını görüb çox peşman oldular. Tez geri qayıtdılar. Çiçəyi qucaqlayıb, boynuna sarıldılar. Ondan sonra Çiçək daha çox yatmadı. Dostlar daha heç vaxt ayrılmadılar.