Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar yeni cizgi filmlərinə baxıblar

Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası və “Salnaməfilm” studiyasının birgə təşkilatçılığı ilə paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsindəki 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbində yeni istehsal edilmiş cizgi filmlərinin nümayişi keçirilib.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, 2 avqust – Milli Kino Günü münasibətilə təşkil edilən tədbirdə nazirliyin Kino, audiovizual sənayesi ilə iş və filmlərin istehsalı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə uşaqlara kino sənəti haqqında məlumat verib.

 

Sonra “Salnaməfilm” və “3 dost” animasiya studiyalarının istehsalı olan “Cırtdan və sehrli xalat”, “Azanfilm”in istehsal etdiyi “İt sərgisi” və “Cəsur təyyarə” cizgi filmləri nümayiş olunub. Uşaqlar filmləri sonsuz maraq və sevinclə seyr ediblər. Cizgi filmlərinin nümayişindən sonra uşaqlara hədiyyələr paylanılıb.

 

Sonra kinematoqrafiya şöbəsinin əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbində olublar.

 

Görüşdə uşaqların hansı cizgi və bədii filmləri sevdiklərini xəbər alınıb, uşaqların təəssüratlarını dinlənilib.

 

Maraqlı dialoq başa çatdıqdan sonra cizgi filmləri nümayiş olunub. Filmlər uşaqların böyük sevinc və marağına səbəb olub. Sonra təhsil ocağına ərzaq sovqatı, balacalara müxtəlif dərs ləvazimatları və hədiyyələr təqdim edilib.

 

Hər iki məktəbin rəhbərliyi uşaqlarla təşkil edilən görüşə və film nümayişinə görə təşəkkürlərini bildiriblər. Görüşdən daha çox məmnun qalan, sevinənlər isə uşaqlar olub. Onlar qonaqlara sevgilərini və təşəkkürlərini bildirərək əl işlərini nümayiş etdiriblər.

 

Qeyd edək ki, həmin internat məktəbləri Heydər Əliyev Fondunun dəstəyi ilə inşa və yenidənqurma işlərindən sonra uşaqların istifadəsinə verilib. Burada uşaqların asudə vaxtının səmərəli təşkili, bədii yaradıcılıqla məşğul olmaları üçün hər cür şərait yaradılıb. Təhsil ocaqlarında, həmçinin dülgərlik, tikiş, toxuculuq, rəssamlıq kabinetləri də mövcuddur.