Xəbərlər

Torpaq və onun xüsusiyyətləri

Torpaq üzvi və mineral maddələrin, qazların, mayelərin və mikroorqanizmlərin qarışığından ibarət həyat mənbəyidir. Yerin torpaq örtüyü önəmli funksiyalara malikdir. Bu funksiyalara bitkilərin inkişafı üçün suyu saxlamaq, minerallaşdırmaq və filtrasiya etmək, atmosferi tənzimləmək, canlı orqanizmlərin mövcudluğunu təmin etmək aiddir. Torpaqda mövcud olan maddələr 4 əsas qrupa ayrılır: minerallar, üzvi maddələr, hava və su. Bir çox bitkinin böyüməsi üçün ideal sayılan torpaqda 45 faiz mineral, 25 faiz su, 25 faiz hava və 5 faiz üzvi maddələr olmalıdır. Bu göstəricilər torpağın növündən asılı olaraq daim dəyişə bilir. Torpağın tərkibində müxtəlif birləşmələr şəklində kimyəvi elementlər də mövcuddur. Bütün dünyada torpaqlar müxtəlif çeşidlidir və hər bölgənin özünəməxsus torpaq çeşidi var.

 

Ümumilikdə 7 torpaq çeşidi ayırd edilir.

 

Gilli-qumlu torpaq – yarısından çoxu qum və 30-35 faizi isə gildir. Əkinçilikdə və bağça bitkilərinin yetişdirilməsində geniş istifadə olunan torpaqdır. Quraqlıqda çatlamır və minerallarla zəngindir. Arpa, paxla, çəltik, ərik, lobya, şaftalını bu torpaqlarda yetişən bitkilərə aid etmək olar.

 

Qumlu torpaq - 80 faizi qumdan ibarətdir. Susaxlama qabiliyyəti aşağıdır. Qida maddələrinin bitkiyə keçməsinə əngəl olur. Qida dəyəri baxımından zəif və turşu (pH) səviyyəsi yüksək olan torpaqdır. Tez isinir və soyuyur. Kök, günəbaxan, paxla, lobya, küncüd, şaftalı, tütün, şabalıd, turp, kərəviz, çuğundur və şam həmin torpaqlarda yetişən bitkilər arasındadır.

 

Daşlı torpaq - 80 faiz daş və çınqıl, 20 faiz yumşaq torpaqdan ibarətdir. Susaxlama qabiliyyəti və qida dəyəri aşağıdır. Həmin torpaqlar asan havalanırlar və bitkini qidalandıra bilmədiyinə görə əsasən ağacların yetişməsinə uyğundurlar. Ardıc, armud, yemişan kimi ağaclar bu torpaqlarda yetişəbilən bitkilərdir.

 

Gilli torpaq - qırmızı rəngdə olan bu torpaq ağırdır, susaxlama qabiliyyəti yüksəkdir və qida maddələri ilə zəngindir. Onun yarısından çoxu gildir. Nəmi sevən bitkilər üçün ideal torpaq sayılır.

 

Torflu torpaq - qida maddələri baxımından zəif olsa da, lazım gəldikdə zənginləşdirilməsi mümkün olan torpaqlardır. Həmin torpaq turşdur, pH səviyyəsi əsasən 5.5-6.5-dir. Yüngüldür, susaxlama və havalandırma qabiliyyəti yüksəkdir. Torflu torpaqlar həşərat və xəstəlik saxlamadığı üçün xüsusən dekorativ bitkilərin, ümumiyyətlə, müxtəlif növ bitkilər üçün uyğundur.

 

Zənginləşmiş (kompostlaşdırılmış) torpaq - canlı orqanizmlərin torpaqda çürüyərək onu minerallaşdırması nəticəsində əmələ gəlir. Bu torpaqlara gübrə verilməməlidir. Lakin istifadəsi üçün ən az 1-2 il dinləndirilməsi lazımdır.

 

Əhəngli torpaq - açıq rənglidir, gil, qum, humus və əhəngdən ibarətdir. Tez isinir, suyu çətin keçirir. Həmin torpaqlarda buğda, ərik, qoz badam və tütün yetişə bilir.