Bu maraqlıdır!

İki qitəni ayıran Silfra çatlağı

Günümüzdəki qitələr bir zamanlar Pangea adı verilən bütöv bir parçadan ibarət torpaq halında idi. Daha sonra Pangea yavaş-yavaş yer üzündəki hadisələrlə birlikdə parçalanaraq ayrılmağa başladı və qitələr asta-asta, amma davamlı olaraq hazırkı formasını aldı. Bu proses hələ də çox asta sürətlə davam edir. O qədər astadır ki, hər şey durğunmuş kimi görünür. Dünyanın bəzi yerlərində bu ayrılmanın izlərini görmək mümkündür. Məsələn, Bu prosesin təsiri ilə Türkiyə hər il Yunanıstana 1-2 sm yaxınlaşır. 

 

Torpaqların yer dəyişməsinin, ayrılmasının digər nümunəsini isə Şimali Amerika və Avropa qitələri arasındakı Silfra çatlağıdır. Silfra çatlağı İslandiyanın paytaxtı Reykyavikdəki Tinqvetlir Milli Parkında, eyni adlı gölün içində yerləşir. Çatlaq, 1789-cu ildə Cənubi Amerika və Avrasiya tektonik plitələrinin fərqli hərəkəti ilə müşayiət olunan zəlzələ nəticəsində yaranmışdır. Silfra çatlağı Atlantik Okeanın altından keçərək İslandiyaya qədər davam edir və bu bölgədə torpaq səthinə çıxır. 

 

Torpaq səthindən də görülən çatlağın ən maraqlı yeri, iki qitənin ayrıldığı suyun altındadır. Çatlaq bir insanın üzə biləcəyi genişlikdədir. Silfranın ancaq 12 m uzunluğunda və 45 m dərinliyində olan “böyük çatlaq” adlanan hissəsinə suya dalış edilməsinə icazə verilir.  Ən dar yeri isə, 50 sm-dir. Tam da bu yerdə suyun altında əlinizi açıb çatlağın divarlarına toxunduqda, eyni anda bir əliniz Amerika digəri isə, Avropa materikinə dəymiş olacaq. 

 

Silfra hər il 2 sm genişlənməyə davam edir. Çatlağın digər xüsusiyyəti isə suyun çox şəffaf olmasıdır. Su altında görmə məsafəsi 100 m olaraq qəbul edilir. Buna görə də Silfranın suyu dünyanın ən şəffaf suyu hesab edilir. Silfra həmçinin Tinqvetlir gölünün ərimiş suyundan mənşəyini götürən yeraltı sular ilə qidalanan bulaqdır. Şəffaflığın səbəbi suyun illər ərzində vulkanik süxurlar arasından keçərək süzülmüş olması və təbii filtrasiya edilməsidir. Buna görə də  suda hətta kiçik bərk hissəciklər belə yoxdur. Su çox soyuq olsa da, daima axar olması səbəbindən heç vaxt donmur. Suyun istiliyi isə gün ərzində 2 - 4 dərəcə arasında olur.