Nağıllar, hekayələr

Zahid Xəlil. Papaq

Bu papaq əhvalatı evdə əməlli-başlı qanıqaralığa çevrildi.
—Belə də iş olar? — deyə Gülnurun anası əllərini ölçürdü. —Yarımca saat qabaq papaq başında idi.


Axı necə оldu?
Gülnur susub dururdu. Elə bil anasını eşitmirdi.
—Bilirsən o papağın qiyməti neçəyədir? Əlli manat!


Başa düşdün? Hardan başa düşəsən. Axı pulu sən qazanmırsan.


Bir papağı da başında saxlaya bilmirsən!


Bir azdan səs-küy yatdı. Ana evə girdi. Gülnur da həyətə getdi. Ananın qulağına səs gəldi. Baxıb gördü ki, Gülnurdu, kiminləsə danışır. Yavaşca pəncərəni açıb qulaq asdı. Gülnur deyirdi:
—Heç bilirsiniz bu papağın qiyməti neçəyədir? Əlli manat! Başa düşdünüz?! Hardan başa düşəsiniz?


Ana onu yamsıladığına görə Gülnuru danlamaq üçün həyətə düşdü. Nə görsə yaxşıdı?! Gülnurun papağının içində iki bapbalaca pişik büzüşüb. Onlar balaca pəncələrini soyuqdan gizlətmək üçün çənələrinin altına soxub, isti papağın içində sakitcə durub baxırdılar. Hər şey aydın idi. Gülnur pişik balalarını papağının içində yatırtmışdı ki, onlara soyuq olmasını. Gülnur anasını görəndə çaşdı. Qorxdu ki, anası danlayacaq. Ancaq belə olmadı. Bilmirəm papaq tapıldığına görəmi, ya nəyə görəsə ana onu danlamadı. Təkcə gülümsündü…