Bu maraqlıdır!

İquasu Milli Parkı

İquasu Milli Parkı (isp. Parque Nacional Iguazú) — Cənubi Amerika qitəsində, Argentinanın İquasu departamentinin Misones vilayətində eyniadlı çayın sahilində yerləşən, zəngin fauna və floraya malik olan təbiət qoruğudur. İquasu Milli Parkı Argentinanın şimal-şərqində və Braziliyanın cənub-şərqində yerləşir.


1934-cü ildə əsası qoyulan, 672 kv. km sahəni əhatə edən bu milli parkın ərazisində təbiətin abidəsi sayılan “İquasu şəlaləsi” və “İblis boğazı” yerləşir. Milli park 1984-cü ildən etibarən UNESCO tərəfindən Ümumdünya irsi siyahısına salınıb.


Parkın adı "Böyük Su" olaraq tərcümə olunur. Ərazisində 270-dən çox şəlalə olduğuna görə belə adlandırılıb.


Park "Parananın Atlantik meşələri" adlı ekoloji bölgədə yerləşir. Parkın florası özündə 2 min bitki növünü əhatə edir: parkda nəsli kəsilməkdə olan ağac və bitki növləri geniş yayılıb.


Florasına Aspidosperma (Aspidosperma), Euterpe edulis, Pirkal (Ilex), Podokarp, Tipuana tipu, Araukariya (Araucaria) və Burserkimilər (Burseraceae) kimi ağaclar daxildir.


Parkın faunasına 70 növ məməli, 400 növ quş, 40 növ sürünən, bir neçə yüz növ kəpənək, o cümlədən nəsli kəsilmək təhlükəsi altında olan növlər daxildir. Ən çox rast gəlinən fauna nümayəndələri bunlardır: yaquar, oselot, mazama, tapir, kapibara, qonur kapuçin (Sapajus nigritus), böyürən qonur meymun (Alouatta guariba), böyük qarışqayeyən və gözlüklü kayman (Caiman yacare).


Parkın ərazisində qırmızı kitaba düşmüş quş növlərinə də rast gəlmək olar. Ən geniş yayılmış quş növləri bunlardır: tirika (Brotogeris tirica), üzümsinə amazon (Amazona vinacea), qarakəkilli qaz (Mergus octosetaceus), Penelope obscura və qırğı (Harpia harpyja).