Təbiət

Mamırlar

Bu bitkini harada görmək olar? Biri deyəcək tundrada, başqası deyəcək dağlarda, üçüncüsü deyəcək tropik meşələrdə. Bunların hamısı düzgün cavabdır.

Mamırlar tipi çox böyükdür və onlardan hər biri müəyyən həyat şəraitinə uyğunlaşıb. Ölkəmizdə mamırları bataqlıqda və quru meşədə görmək olar. Mamırlar nisbətən sadə quruluşa malik bitkilərdir. Onların kökü yoxdur, yosunların kök tellərinə bənzər xüsusi zoğları - rizoidləri ilə yerə yapışırlar. Mamırlar toxumlarla deyil, sporlarla çoxalır. Mamırların sporundan yosunu xatırladan sapaoxşar protonema inkişaf edir. Alimlər belə hesab edirlər ki, mamırlar məhz yosunlardan əmələ gəlib. Protonemadan yeni mamır inkişaf edir.


Mamırlar üç sinfə bölünür: antoserotlar, ciyərkimilər və yarpaqgövdəlilər. Antoserotların, əsasən, tropiklərdə yayılmış 300 növü məlumdur. Azərbaycanda bu növ tapılmayıb. Ölkəmizdə ciyərkimilərin 22 növü (torpaqda, ağac qabığı və daşların üzərində olur), yarpaqgövdəlilərin isə 430 növü var. Mamırlar hər yerdə (dənizlərdən başqa) yayılıb. Antibiotik tərkibli bəzi növləri tibbdə, torf mamırı kənd təsərrüfatında gübrə, qaramal üçün döşənək, qaba yem, sənayedə torf, tikinti materialı kimi istifadə olunur.